Görkəmli Azərbaycan yazıçısı Kamal Abdullanın “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox...” adlı romanlardan ibarət trilogiyası Rusiyanın məşhur “Xudojestvennaya literatura” nəşriyyatı tərəfindən “Qarağacın kölgəsində” adlı kitabda (Под сенью Карагача. Москва, “Художественная литература” nəşriyyatı, 2016-cı il, 728 səhifə) bir yerdə nəşr edilib.
Dünyanın aparıcı dillərində 20-dən çox ölkədə çap olunan bu romanlar fərqli süjet xəttinə, müxtəlif zamanlarda baş verən hadisələrdən və müxtəlif qəhrəmanlardan bəhs etdiyinə baxmayaraq, ilk dəfə bir ədəbi çevrəni qapayan və bir-birinə dərin ədəbi lağımlarla bağlanan trilogiya halında nəşr olunur.
“Qarağacın kölgəsində” kitabı müəllifin rus oxucusuna müraciəti ilə başlayır. Müəllif burada oxucu ilə romanları barədə fikir mübadiləsi aparır, bir növ əsərlərdə gizlənən mətləblərdən oxucunun xəbərdar olması üçün yardımçı olur.
Kitabdakı ilk roman “Yarımçıq əlyazma” mərhum sənətkarımız Vaqif İbrahimoğlunun, digər iki roman - “Sehrbazlar dərəsi” və “Unutmağa kimsə yox...” isə rus yazarı Lüdmila Lavrovanın tərcüməsində təqdim olunur.
“Qarağacın kölgəsində” kitabına “son söz”ü “Xudojestvennaya literatura” nəşriyyatının direktoru, rus yazıçısı, akademik Georgiy Pryaxin yazıb. Ürək genişliyi ilə yazılan bu “son söz”də Azərbaycan yazıçısının əsərlərinə yüksək qiymət verilir və onun mətnləri dünya ədəbiyyatının korifey yazarlarının əsərləri ilə müqayisə edilir.
Kitabın arxa üzündə Kamal Abdullanın ədəbi və elmi fəaliyyəti, əsərlərinin tərcümə olunduğu dillər, nəşr olunduğu ölkələr və layiq görüldüyü ədəbi mükafatlar (“Scanno Prize” (İtaliya), “Qızıl Delviq” (Rusiya), “Humay” (Azərbaycan) haqda qısa məlumat öz əksini tapıb.
azertag.az