Bank VTB (Azərbaycan) paytaxtda beş yeni bankomat istifadəyə verib
9.9.2016

Bank VTB (Azərbaycan) Bakı şəhərinin ən sıx nöqtələrində 5 yeni bankomat istifadəyə verib.

Bankın mətbuat xidmətindən verilən məlumata görə, bankomatlar bankın filiallarından kənarda quraşdırılıb ki, bu da bankın müştərilər üçün ən rahat və əlverişli yerlərdə bank xidməti göstərilməsi üzrə yeni strategiyasının tərkib hissəsidir.

Bankın kart sahibləri yeni ATM xidmətlərindən aşağıdakı məntəqələrdə istifadə edə bilər:

28 Mall (“28 May” metro stansiyasının çıxışı), Park Bulvar (Dənizkənarı bulvar, “Sahil” metro stansiyasının çıxışı), Metropark (“N. Nərimanov” metro stansiyası yanında) ticarət və əyləncə mərkəzlərində, eləcə də “Xətai” metrosunun çıxışında və Bakı Beynəlxalq avtovağzalı (Sumqayıt şossesi) ərazisində.

24/7 prinsipi ilə gün ərzində fasiləsiz çalışan bankomatlarda müştərilər nağldaşdırma, hesabdan çıxarışın alınması, 3D Secure xidməti üçün PİN-kodun alınması, kartdan karta pul vəsaitlərinin köçürülməsi (Card to Card xidməti), eləcə də kartı olmayan şəxsə öz kartından pulun köçürülməsi (Cash by Code) kimi xidmətlər üzrə əməliyyatlar həyata keçirə bilər.

Bankomat şəbəkəsinin genişlənməsi bankın kart biznesinin dinamik inkişafı və VTB (Azərbaycan)-ın kart sahiblərinin sayının artımı ilə əlaqədardır.

Bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yuri Yakovlev bildirib: “Bankımızın strateji inkişaf istiqamətlərindən biri əmək haqqı üzrə müştərilərin sayının artırılmasıdır. Xidmət keyfiyyətinin yaxşılaşdırılması və müştərilərin vaxtına qənaət etmək məqsədi ilə biz, gələcəkdə də bankomat şəbəkəsini artırmaq və onları ən rahat yerlərdə quraşdırmaq niyyətindəyik”

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir.

trend