“Rio-2016” XV Yay Paralimpiya Oyunlarının altıncı günü Azərbaycan yığması üçün uğurlu olub. Belə ki, üzgüçümüz Dmitri Saleh üçüncü dəfə qüvvəsini sınayaraq ölkəmizin hesabına daha bir gümüş medal qazandırıb. Finalda mübarizə aparan üzgüçümüz məsafəni 1:08,80 saniyəyə qət edərək ikinci olub.
Xatırladaq ki, onun qoşulduğu təsnifat mərhələsində finaladək on bir üzgüçü iki qrupda mübarizə aparıb. İkinci qrupda çıxış edən D.Saleh məsafəni 1:08.68 saniyəyə üzərək birinci olub. Bununla da final mərhələsinə vəsiqə qazanan Dmitri yarımfinalda ikinci ən yaxşı nəticəyə imza atıb.
Atletimiz bundan əvvəl Rio paralimpiadasinda 200 metrə kompleks üzmədə dördüncü, 100 metrə batterflay növündə isə beşinci pillədə qərarlaşıb.
Beləliklə, Paralimpiya millimizin “Rio-2016”da qazandığı medalların sayı yeddiyə çatıb.
azertag.az