Sentyabrın 13-də “Baku Crystal Hall”da 42-ci Dünya Şahmat Olimpiadasına yekun vurulub.
Sonuncu turda kişilərin yarışlarında Azərbaycanın birinci yığması 3:1 hesabı ilə Türkmənistanı məğlub edib, ikinci komandamız (3:1) Boliviyadan üstün olub, üçüncü yığmamız isə Albaniya millisi ilə xalları bölüb – 2:2.
On bir turdan sonra hesabında 20 xal olan ABŞ və Ukrayna birinci və ikinci pillənin sahibi olublar. Rusiya millisi isə 17 xalla bürünc medal qazanıb. Hesabında 15 xal olan əsas komandamız yarışı 12-ci sırada tamamlayıb. İkinci yığmamız 14 xalla 26-cı, üçüncü komandamız isə 13 xalla 49-cu pillədə yer alıb.
Qadınların yarışlarında Azərbaycanın birinci komandası Malayziya yığmasına 3:1 hesabı ilə, üçüncü komandamız Makedoniya yığmasına 4:0 hesabı ilə qalib gəlib, ikinci yığmamız isə İrana komandasına uduzub (0,5:3,5).
Qadınların yarışında qalib adını 20 xalla Çin şahmatçıları qazanıblar. Hesabında 17 xal olan Polşa ikinci, Ukrayna isə üçüncü pillədə yer alıb. Azərbaycanın əsas komandası yarışı 16 xalla 8-ci pillədə başa vurub. On üç xal toplayan üçüncü komandamız 30-cu, ikinci yığmamız isə 32-ci olub.
Xatırladaq ki, Olimpiadada Azərbaycanı kişilərdən və qadınlardan ibarət komandalar (hər biri üç komanda ilə) təmsil edib. Kişilərdən ibarət birinci komandaya Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Eltac Səfərli və Arkadi Naydiç, ikinci komandaya Vasif Durarbeyli, Namiq Quliyev, Qədir Hüseynov, Nicat Abbasov və Ülvi Bacarani, üçüncü komandaya isə Nail Bəşirli, Məhəmməd Muradlı, Vüqar Əsədli, Pərviz Qasımov və Abdulla Qədimbəyli daxil idi.
Azərbaycanın qadınlardan ibarət birinci komandası Zeynəb Məmmədyarova, Günay Məmmədzadə, Aydan Xodcatova, Gülnar Məmmədova və Nərmin Kazımova ilə təmsil olunub. Qadınlardan ibarət ikinci komandamızda Türkan Məmmədyarova, Nərgiz Umudova, Xəyalə Abdulla, Ülviyyə Fətəliyeva və Nərmin Xələfova, üçüncü komandada isə Nərmin Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ayan Allahverdiyeva və Aynur Kətanova yer alıblar.
azertag.az