Özbəkistanda keçirilən “Atlas festivalı”nda Azərbaycan kəlağayıları nümayiş olunub
14.9.2016

Özbəkistanın Mədəniyyət və İdman Nazirliyi, UNESCO-nun bu ölkədəki nümayəndəliyi Fərqanə Vilayət Hakimiyyəti ilə birgə qədim Mərgilan şəhərindəki Sənətkarlar Mərkəzində "Atlas festivalı" keçirib.

Festivalın açılışında çıxış edən Mərgilan şəhər hakimi Şavkat Erkabaev Özbəkistanın ipəkçilik sahəsindəki ənənələri haqqında danışıb, Mərgilan ipəyinin bütün dünyada məşhur olduğunu diqqətə çatdırıb. Şəhər hakimi bu cür tədbirlərin ipəkçilik sahəsinin inkişafına töhfə verdiyini vurğulayıb, UNESCO-nun Özbəkistan nümayəndəıiyinə təşəkkürünü bildirib.

UNESCO-nun Özbəkistandakı nümayəndəsi, xanım Krista Pikat Mərgilan ipəyi və atlasının öz gözəlliyi və zərifliyi ilə seçildiyini bildirib, Özbəkistan dövlətinin ipəkçilik sahəsinin inkişafına göstərdiyi dəstəyi yüksək qiymətləndirib.

Festivalda Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən kəlağayılarımız və ipəkdən hazırlanmış geyimlərimiz nümayiş olunub.

Mərgilan Şəhər Mərkəzi Muzeyində Azərbaycan sərgisi də təşkil edilib. Azərbaycan kəlağayıları iştirakçıların böyük marağına səbəb olub.

Festival çərçivəsində özbək dizaynerlərinin atlasdan hazırladığı geyimlərin sərgisi də keçirilib.

azertag.az