Fransanın www.lalsace.fr saytında Müluz şəhərində keçiriləcək “İpək və alov” beynəlxalq musiqi festivalı haqqında xəbər dərc olunub.
Xəbərdə bildirilir ki, Müluz şəhərinin “La Sinne” teatrında keçiriləcək festivalın açılış mərasimi Bakı Xoreoqrafiya Məktəbinin “Bakı ulduzları” rəqs ansamblının ifası ilə başlayacaq. Festivalın ikinci günündə musiqisevərlərə Azərbaycan milli musiqisinin qərb caz sənətinin incə və ritmik çalarları ilə ahəngli sintezindən ibarət konsert təqdim olunacaq. Konsertdə gənc bəstəkar Etibar Əsədlinin bəstələri və onun aranjemanında xalq mahnıları səsləndiriləcək. Festival çərçivəsində “Dədə Qorqud” dastanının motivləri əsasında musiqi gecəsi keçiriləcək.
Sentyabrın 14-dən 17-dək keçiriləcək “İpək və alov” festivalı günlərində 10-dək konsert proqramının nümayişi nəzərdə tutulur.
Festivalın yekun konsertində Müluz Simfonik orkestrinin ifasında dünya klassikləri ilə yanaşı, Xəyam Mirzəzadənin kamera orkestri üçün “Concerto grosso” və Pyer Tiluanın “Xocalı 613” (yeni versiya) əsərləri də səsləndiriləcək.
azertag.az