London Royal Filarmonik Orkestri Qəbələ IV Musiqi Festivalında 5 konsert proqramı ilə çıxış edəcək
27.7.2012

Bu il 65 illiyini qeyd edən London Royal Filarmonik Orkestri Qəbələ IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində beş konsert proqramı ilə çıxış edəcək.

Britaniyanın dünyaca məşhur bu orkestrinin Qəbələdə açıq hava altında ilk konserti iyulun 29-da baş tutacaq. Həmin gün orkestr SSRİ xalq artisti, görkəmli azərbaycanlı dirijor Niyazinin 100 illik yubileyi münasibətilə təşkil olunan konsert proqramında çıxış edəcək.

Orkestrin iştirakı ilə növbəti konsert iyulun 30-u nəzərdə tutulur. “Viva İtaliya” simfonik konsertində Rossininin “Soroka vorovka” operasından uvertüra, Verdinin “Nabukko” operasından Nabukko və Abigelin dueti, Verdinin “Aida” operasından Radamesin romansı, Çileanın “Adriana Lekuvrdir” operasından Şahzadənin ariyası, Cordanonun “Andre Şenye” operasından Jerarın və Madelnin ariyası, Bizenin “Karmen” operasından Karmen və Xozenin dueti, Verdinin “Taleyin gücü” operasından Don Alvaro və Don Karlonun dueti, Ponkyellinin “Cokonda” operasından Cokondanın ariyası, Maskanyinin “Kənd namusu” operasından Santuzzanın ariyası və digər dünya bəstəkarlarının əsərləri London Royal Filarmonik Orkestrinin ifasında səslənəcək.

Orkestrin iyulun 31-də keçiriləcək konsertində Polşadan Mixal Nesteroviç (dirijor), Rusiyadan Sergey Krilov (violin) çıxış edəcəklər. Həmin gün konsertin I hissəsində Çaykovskinin violin və orkestr üçün konsert D-dur, II hissədə isə Çaykovski Simfoniya N5, e-moll əsərləri ifa ediləcək.

Orkestrin çıxış edəcəyi sonuncu iki konsert avqustun 3 və 4-də keçiriləcək. Avqustun 3-də təşkil olunacaq konsertin dirijorluğunu isveçrəli Şarl Dütua edəcək. Konsertdə əsas müşayiətçi fransız Liza de la Sal olacaq. Sonuncu konsertdə H. Berliozun “Korsar” uvertürası, A. Dvorjakın violençel və orkestr üçün konsert h-mollu, Bethovenin simfoniya N5, c-mollu səslənəcək.

Qeyd edək ki, İngiltərənin ən məşhur orkestrlərindən biri olan London Royal Filarmonik Orkestri yüksək səviyyəli çıxışları və geniş repertuarı ilə beynəlxalq miqyasda tanınır. Orkestr Ser Tomas Biçam tərəfindən yaradılmış və hazırda onun qoyduğu ənənələr orkestrin bədii rəhbəri və baş dirijoru Şarl Dütua tərəfindən qorunur. Bu il 65 illiyini qeyd edən orkestr Rudolf Kempe, Antal Dorati, Andre Previn, Vladimir Aşkenazi, Daniele Gatti kimi görkəmli dirijorlarla əməkdaşlıq edib.

APA