Bakı Slavyan Universitetinin (BSU) builki tələbə qəbulu planı 88 faizdən artıq yerinə yetirilib ki, bu da ötən illə müqayisədə nəzərəçarpacaq dərəcədə çoxdur.
BSU-nun mətbuat xidmətindən bildirilib ki, yay tətili dövründə başlanan əsaslı təmir işləri artıq tam başa çatıb. Builki tədris ilinə böyük ümidlər bəsləyən professor-müəllim heyəti universitetin tədris, təlim-tərbiyə, elmi və beynəlxalq əməkdaşlıq fəaliyyətinə yeni töhfələr verməyə, müxtəlif layihələri reallaşdırmağa hazırdır. Bu il BSU-nun 70 illik yubileyi böyük təntənə ilə qeyd olunacaq. Yubileyə hazırlaşmaq və yeni dərs ilini uğurla başa vurmaq üçün bu gün universitetdə artıq hər cür şərait yaradılıb.
Təmirdən sonra universitet elmin və təhsilin inkişafı üçün ən müasir tələblərə cavab verən bir təhsil ocağına çevrilib. Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasına sadiq olan tələbə gənclərin ölkəmizin və dövlətimizin şərəfini qorumağa layiq kamil insanlar kimi formalaşması üçün universitetin rəhbərliyi konkret tədbirlər planı hazırlayıb. Gənclərin düzgün formalaşması və yüksək peşə hazırlığına malik olması üçün maddi-texniki bazanı inkişaf etdirmək, nizam-intizam və ictimai fəallığı uğura, nailiyyətlərə doğru aparmaq bu gün professor-müəllim heyətinin qarşısında duran ən ümdə məqsəddir. Bu məqsədə çatmaq isə BSU-nun 70 illik yubileyi ərəfəsində universitetin 3500-ə qədər tələbəsinin və professor-müəllim heyətinin, hər bir əməkdaşının ən ülvi arzusuna çevrilib.
Universitetin bütün kollektivi Prezident İlham Əliyevin 24 oktyabr 2013-cü ildə imzaladığı “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası” haqqında Sərəncamının uğurla yerinə yetirilməsi üçün böyük səylə çalışır. Bütün auditoriya və laboratoriyalar, kabinet və mərkəzlər bu məqsədlə ən müasir avadanlıqlar və İKT ilə təchiz olunub.
azertag.az