Moldova Respublikasının Sıncerey şəhərində Moldova və Azərbaycan xalqlarının dostluğunu təcəssüm etdirən "Dostluq qapısı” - “Arca prieteniei" abidəsinin rəsmi və təntənəli açılış mərasimi keçirilib.
Abidə Moldova Azərbaycanlıları Konqresinin təşəbbüsü və maddi dəstəyi ilə Moldova və Azərbaycan xalqlarının dostluğu şərəfinə Sıncerey şəhərinin girişində beynəlxalq dərəcəli yol ayrıcında ucaldılıb. Azərbaycanlı memar Azər Məmmədov Azərbaycan və Moldova memarlıq ornamentlərindən istifadə edərək hər iki xalqın memarlıq ənənələrinin sintezinə nail olub.
Tədbiri giriş sözü ilə açan Sıncereyin meri George Braşovski “Dostluq qapısı” abidəsinin şəhərin memarlıq gözəlliyinə töhfə olduğunu vurğulayıb. O, şəhər sakinləri adından Moldova Azərbaycanlıları Konqresinə təşəkkür edib.
Moldovanın mədəniyyət naziri, xanım Monika Babuk da abidənin açılışını əlamətdar hadisə kimi qeyd edərək Moldova Azərbaycanlıları Konqresinin səmərəli fəaliyyətini yüksək dəyərləndirib. Nazir “Dostluq qapısı”nın gələcəkdə turistlərin marağını cəlb edəcək məkan olacağını söyləyib. Vurğulayıb ki, belə bir layihə Moldovada yaşayan azsaylı xalqlar arasında ilk dəfə Moldova Azərbaycanlıları Konqresi tərəfindən həyata keçirilib.
Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov tədbirdə çıxış edərək bildirib ki, abidə Moldova ilə Azərbaycan arasındakı ənənəvi dostluğun yeni bir simvolu olacaq.
Abidənın açılışında Moldova Elmlər Akademiyasının prezidenti George Duka, Moldova Respublikası Prezident Aparatının rəhbəri Ion Paduraru, Azərbaycanın Moldovadakı səfirliyinin müvəqqəti işlər müvəkkili İlham Ağayev, ölkənin tanınmış incəsənət və elm xadimləri, Sıncerey şəhərinin sakinləri iştirak ediblər.
azertag.az