Azərbaycan Xalça Muzeyində “Bərpa olunmuş eksponatlar” adlı sərgi açılacaq
15.9.2016

Sentyabrın 15-də Azərbaycan Xalça Muzeyində “Bərpa olunmuş eksponatlar” adlı sərgi açılacaq.

Muzeydən bildirilib ki, Azərbaycan Xalça Muzeyi və Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi əməkdaşlarının birgə səyi nəticəsində muzeyin bərpa və konservasiyaya ehtiyacı olan 690 ədəd eksponatı üzərində zəruri işlər görülüb. “Bərpa olunmuş eksponatlar” sərgisinin keçirilməsində əsas məqsəd müvafiq sənət incilərini nümayiş etdirmək, milli sərvətimiz olan bu eksponatların daim nəzarətdə olduğunu və qorunduğunu göstərməkdir.

Sərgidə 49 eksponat yer alacaq. Bunlar xalça məmulatları, xovsuz və xovlu xalçalar, geyimlər, tikmələr, bədii metal sənətinə aid nümunələr, çini, şüşə və ağac əşyalardan ibarətdir. Bu eksponatlar öz materialına və tarixinə görə fərqlənən, muzeyin kolleksiyasına məxsus füsunkar sənət inciləridir.

“Bərpa olunmuş eksponatlar” sərgisi eksponatların təqdimi ilə kifayətlənmir. Sərgi çərçivəsində eksponatların konservasiya prosesini canlı izləmək üçün muzeyin bərpaçıları tərəfindən ustad dərsləri keçiriləcək. Tamaşaçılar videoçarx və slayd-şou vasitəsilə eksponatların bərpa sirləri və bərpaçıların bacarıqları barədə geniş məlumat almaq imkanı əldə edəcəklər.

azertag.az