Sentyabrın 14-də Azərbaycandakı Atatürk Mərkəzində görkəmli Azərbaycan yazıçısı, maarifçi Cəlil Məmmədquluzadənin “Ölülər” komediyasının gürcü dilində nəşr edilməsinə həsr olunmuş “dəyirmi masa” keçirilib. Əsəri gürcü dilinə Anna Bartkulaşvili tərcümə edib.
Tədbiri Azərbaycandakı Atatürk Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov açıb. O, tərcüməçi və ədəbiyyatçı Anna Bartkulaşvilinin həyat və fəaliyyəti barədə məlumat verərək tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, gürcü, Azərbaycan və rus dillərini mükəmməl bilən Anna Bartkulaşvilinin gürcü və Azərbaycan yazıçılarının çoxlu şeir və nəsr əsərlərini tərcümə edib. N.Cəfərov vurğulayıb ki, indiyə qədər Anna Bartkulaşvilinin “Sehrli körpü”, “Dirili Qurbani” və digər kitabları nəşr edilib.
Milli Məclisin deputatı Qənirə Paşayeva qeyd edib ki, Anna Bartkulaşvili Azərbaycanın və Gürcüstanın görkəmli ədəbiyyat xadimidir. Onun yaradıcılığı Gürcüstanla Azərbaycan arasında mədəni əlaqələrin möhkəmlənməsində böyük rol oynayıb. Q.Paşayeva qeyd edib ki, ziyalıların cövhəri məhz Anna Bartkulaşvili kimi insanlardır. Anna Bartkulaşvili Cəlil Məmmədquluzadənin “Ölülər” əsərini gürcü dilinə tərcümə etməklə bir daha öz ustalığını nümayiş etdirib.
Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza Anna Bartkulaşvilinin ədəbi fəaliyyətini yüksək qiymətləndirib, ona gələcək yaradıcılığında yeni uğurlar arzulayıb.
“Dəyirmi masa” Anna Bartkulaşvilinin yeni kitabı ilə bağlı diskussiya və müzakirələrlə davam edib. Tədbirdə mədəniyyət və incəsənət xadimləri, alimlər, Gürcüstanın ölkəmizdəki səfirliyinin əməkdaşları, KİV nümayəndələri iştirak ediblər.
azertag.az