Azərbaycanda ötən tədris ilində yüksək balla pedaqoji ixtisasları seçən tələbələrin sayı 10 dəfə artıb.
Təhsil naziri Mikayıl Cabbarov deyib ki, son dövrlərdə aparılan məqsədyönlü işlər nəticəsində müəllim peşəsini seçən yüksək ballı məzunların sayı xeyli yüksəlib. Nazir vurğulayıb ki, Təhsil Nazirliyi tərəfindən son 3 ildə birinci yerdə müəllimliyi seçən, 500 və ya daha artıq bal toplayan 300 tələbəyə 100 manat dəyərində təqaüd verilir.
Onun sözlərinə görə, müəllim ixtisasını seçən tələbə-gənclərlə aparılan sosioloji sorğunun nəticələri göstərir ki, bu gənclər düşünülmüş şəkildə müqəddəs, şərəfli, eyni zamanda, məsuliyyətli peşə olan müəllimliyi seçiblər: “Belə ki, sorğuda iştirak edən tələbələrin 70-80 faizi müəllim peşəsini sevdiklərini bildirir. Bu gün müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır. Biz müəllim peşəsinin nüfuzunun artırılmasını, onun yüksək biliyə sahib olmasını, habelə pedaqoji təhsilə bilikli gənclərin cəlb olunmasını istəyirik. Bilirsiniz ki, artıq bir neçə ildir, müəllimlərin işə qəbulu elektron proqram təminatı ilə həyata keçirilir. Bu il respublikanın ümumtəhsil müəssisələrində 3346 vakansiya müsabiqəyə çıxarılıb. Müsabiqədə iştirak etmək üçün müraciət edənlərin indiyədək görünməmiş sayda - 31779 nəfərinin elektron ərizəsi təsdiq edilib. Ümumilikdə 2456 müəllim işə qəbul olunub”.
apa.az