Dünyanın ən məşhur sosial şəbəkəsi olan Facebook-un Azərbaycanda 1 milyona yaxın istifadəçisi var.
Facebook-dan ən çox istifadə edən sənət adamlarının kimliyini sizə təqdim edirik.
Xalq artisti Faiq Ağayev Facebook-da çox aktiv olan istifadəçilərdəndir. Müğənnin sosial şəbəkədə 3800-dən çox dostu var. Bir müddət öncə xalq artisti səhifəsinin həqiqiliyini sübut etmək üçün şəxsiyyət vəsiqəsini profil şəkli etmişdi.
F.Ağayev səhifəsinə daha çox özü ilə bağlı statuslar, fotolar, videolar yerləşdirir. Müğənninin fanatlarıyla ünsiyyətə girməsi, onların bütün şərhlərini reaksiya verməsini də qeyd etmək yerinə düşər. Bu baxımdan Faiq Ağayevi Facebook-dan ən aktiv istifadə edən müğənnilərdən adlandıra bilərik.
Əməkdar artist Aybəniz Haşımova səhifəsində daha çox özü haqda məlumatlar, fotolar, kliplər paylaşır.
Müğənni Facebook-da “Əsl səs, əsl sənətkar” qrupunun yaradıcısıdır. Bu qrupda Azərbaycanın əvəzolunmaz ifaçıları, xalq artistləri haqda məlumat yayımlanır, onların mahnıları paylaşılır.
Bu qrupu sosial şəbəkələrdə Azərbaycan musiqi mədəniyyətinin ən aktiv təbliğatçısı adlandıra bilərik.
Bu baxımdan əməkdar artist Firuzə İbadovanı da qeyd etmək lazımdır.
Bundan başqa, gənc müğənnilər İlhamə Qasımovanı, Elnur Məmmədovu, Aynişan Quliyevanı, Elyanə Əhmədovanı, Xəyyam Nisanovu, Şölə Səfərəliyevanı, Ayaz Qasımovu da aktiv Facebook istifadəçiləri adlandıra bilərik.
Gün.Az