“İçərişəhər” Tarix Muzeyində “Musiqili rənglər” sərgisi açılıb
19.9.2016

Azərbaycan Milli Musiqisi Günü ərəfəsində “İçərişəhər” Tarix Muzeyində “Musiqili rənglər” sərgisi açılıb. Sərginin təşkilatçıları “İçərişəhər” Tarixi Muzeyi və “Da`Art” Təsviri İncəsənət Mərkəzidir.

Ekspozisiyada təqdim olunan 131 rəsmin hamısı musiqiyə həsr edilib.

Açılış mərasimində muzeyin ictimaiyyətlə əlaqələr və kütləvi-mədəni tədbirlər şöbəsinin rəhbəri İradə Qasımova, Xalq Rəssamı Arif Hüseynov və “Da`Art” Təsviri İncəsənət Mərkəzinin direktoru Dilara Atakişiyeva çıxış ediblər.

Sərginin açılışından sonra Bülbül adına orta ixtisas musiqi məktəbi şagirdlərinin konserti olub.

Xatırladaq ki, 1995-ci ildə, dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 110 illik yubileyi ərəfəsində ümummilli lider Heydər Əliyevin imzaladığı fərmana əsasən, sentyabrın 18-i hər il ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.

azertag.az