Sentyabrın 18-də Bakıda Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə “Azərbaycan Respublikası Konstitusiyasına təklif olunan dəyişikliklərin hüquqi təhlili” mövzusunda müzakirələr aparılıb. Müxtəlif universitetlərdə hüquq təhsili alan 120-yə yaxın tələbənin iştirak etdiyi tədbirdə bildirilib ki, son vaxtlar cəmiyyətimizdə müzakirə olunan ən aktual məsələlərdən biri Azərbaycan Respublikası Konstitusiyasına üçüncü dəfə təklif olunan dəyişikliklərdir. “ELSA Azərbaycan” məsələ ilə bağlı ekspertlərin rəyinin tələbələrə çatdırılması zərurətini nəzərə alaraq bu müzakirələri təşkil edib.
Müzakirələrdə Milli Məclisin deputatı Vüsal Hüseynov, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin konstitusiya hüququ kafedrasının baş müəllimi Elşad Nəsirov, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev tələbələrə Konstitusiyaya növbəti dəyişikliklərin hüquqi əsasları barədə məlumat veriblər. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasında referendumun keçirilməsinin hüquqi əsasları Konstitusiyanın xalq hakimiyyətinə dair ümumi müddəalarında əksini tapıb. Azərbaycan Respublikası Konstitusiyasının qəbul və ona dəyişikliklər edilməsi yalnız referendumla həll oluna bilər. Ölkəmizdə Konstitusiyaya iki dəfə - 2002-ci və 2009-cu illərdə referendum yolu ilə əlavə və dəyişikliklər edilib.
Sonra tələbələrin sualları cavablandırılıb.
Avropanın 43 ölkəsində fəaliyyət göstərən ELSA 230 universitetdə təhsil alan 40 mindən çox hüquqşünas tələbəni və gənc hüquqşünası sıralarında birləşdirir. Təşkilatın məqsədi Avropada gənc hüquqşünas tələbələr arasında təhsil-mübadilə imkanlarının genişləndirilməsinə, cəmiyyətin inkişafında onların fəal iştirakının təşviq edilməsinə nail olmaqdır.
Azərbaycan 2010-cu ildə ELSA beynəlxalq təşkilatına üzv olub. Ölkəmiz hazırda bu qurumun ən fəal üzvlərindən biridir. ELSA-nın Azərbaycan nümayəndəliyinin təşəbbüsü ilə ölkəmizdə bir neçə layihə həyata keçirilib.
azertag.az