Prezident İlham Əliyev Bakıda yeni bitum istehsalı qurğusunun təməlqoyma mərasimində iştirak edib
19.9.2016

Bu gün Bakıda Heydər Əliyev adına neft emalı zavodunun yenidən qurulması layihəsi çərçivəsində yeni bitum istehsalı qurğusunun təməlqoyma mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev Prezident İlham Əliyevə yeni bitum istehsalı qurğusunun inşası və Heydər Əliyev adına neft emalı zavodunda aparılacaq yenidənqurma layihəsi çərçivəsində görüləcək işlər barədə ətraflı məlumat verib. Qeyd edilib ki, Heydər Əliyev adına neft emalı zavodunda inşa ediləcək yeni bitum istehsalı qurğusunun illik istehsal gücü 400 min ton olacaq. Bu qurğuda “EN 40/60” markalı yol bitumu istehsal ediləcək və qurğunun 2018-ci ilin ortalarında istismara veriləcəyi gözlənilir.
Yeni bitum istehsalı qurğusunun inşası Heydər Əliyev adına neft emalı zavodunda aparılacaq yenidənqurma tədbirlərinin ilkin mərhələsi olacaq. Bu qurğunun inşası məqsədilə detallı layihələndirmə, satınalma və tikintinin idarə edilməsi işlərinin həyata keçirilməsi üçün bu sahədə qabaqcıl təcrübəyə malik Avstriyanın “Poerner” şirkəti ilə Heydər Əliyev adına neft emalı zavodu arasında müvafiq müqavilə imzalanıb. Yeni bitum istehsalı qurğusunun inşası ilə keçmiş “Azərneftyağ” neft emalı zavodunun mövcud infrastrukturu tamamilə istismardan çıxarılacaq, dənizkənarı ərazilər boşaldılaraq “Ağ şəhər” layihəsinin reallaşdırılması üçün təhvil veriləcək. Bundan əlavə, Heydər Əliyev adına neft emalı zavodunun istismar xərcləri optimallaşdırılacaq və ölkə yüksək keyfiyyətli neft bitumu ilə təmin ediləcək.
Heydər Əliyev adına neft emalı zavodunda aparılacaq yenidənqurma işlərinin növbəti mərhələləri çərçivəsində müəssisədə yüksək keyfiyyətli neft məhsullarının istehsalı nəzərdə tutulub. Proqrama əsasən, 2019-cu ildə Heydər Əliyev adına neft emalı zavodunda “avro-5” standartı üzrə dizel yanacağı, 2020-ci ildə isə “avro-5” standartı üzrə benzin istehsalı planlaşdırılıb. Layihənin reallaşdırılması ilə Heydər Əliyev adına zavodun emal gücü 7,5 milyon tona qədər artırılacaq, nəticədə ölkənin növbəti 15-20 il üçün avtomobil yanacaqlarına olan daxili tələbatı tam ödəniləcək və keyfiyyətli neft məhsulları üzrə ixrac potensialı daha da artırılacaq. Sözsüz ki, layihənin icrası Bakı şəhərində ekoloji durumunun yaxşılaşdırılmasına və ümumilikdə ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verəcək.
Prezident İlham Əliyev Heydər Əliyev adına neft emalı zavodunun yenidən qurulması layihəsi çərçivəsində yeni bitum istehsalı qurğusunun təməlini qoyub.
Dövlət başçısına məlumat verilib ki, son vaxtlarda 80-dən çox müasir texnika alınaraq ölkəyə gətirilib. Müxtəlif texnoloji nəqliyyat vasitələrindən, traktor-maşın mexanizmlərindən və stasionar güc aqreqatlarından ibarət olan bu avadanlıqlar neft və qazın hasilatının sabit saxlanmasına, quyuların yeraltı əsaslı və cari təmirinə geniş imkanlar yaradır, onlar uğurla sınaqdan çıxarılıb.
Prezident İlham Əliyev zavodun kollektivi ilə görüşüb.
Sonda xatirə şəkli çəkdirilib.

report.az