Fransada Azərbaycan musiqi festivalı keçirilib
19.9.2016

Fransanın Alzas regionunun Müluz şəhərində Azərbaycan musiqisinə həsr edilmiş “İki dünya” adlı musiqi festivalı keçirilib. Festivalı giriş sözü ilə tədbirin təşkilatçısı XANADU assosiasiyasının prezidenti, Yuxarı Alzas Müluz Universitetinin ədəbiyyat, dil və humanitar elmlər fakültəsinin dekanı, Nizami Gəncəvi kafedrasının müdiri xanım Qreta Komur açıb. O, artıq 3 ildir ki, keçirilən festivalın təşkilinə verdiyi dəstəyə görə, Azərbaycanın Fransadakı səfirliyinə, Müluz şəhərinin meriyasına və digər qurumlara təşəkkür edib.

Sonra festivalın bədii direktoru, bəstəkar və “Xocalı 613” əsərinin müəllifi Pyer Tilua çıxış edərək, Azərbaycan haqqında təəssüratlarını bölüşüb, mədəniyyətimizin və musiqimizin zənginliyi barədə tamaşaçılara məlumat verib. O, artıq 15 ildən çoxdur ki, Azərbaycanı yaxından tanıdığını qeyd edib, zəngin musiqimizi Fransada təqdim etməkdən şərəf duyduğunu bildirib.

Sonda Fransadakı səfirliyimizin nümayəndəsi Ayaz Qocayev çıxış edərək, Azərbaycan mədəniyyətinin rəngarəngliyi, multikulturalizm və dözümlülük ənənələri haqqında danışıb. O, 2016-cı ilin Azərbaycanda multikulturalizm ili elan edildiyini bildirib. Ölkəmizin mədəniyyətlər və dinlərarası beynəlxalq dialoq məkanına çevrilməsində Prezidenti İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın böyük töhfələrini vurğulayıb.

Festivalın ilk gecəsi Azərbaycandan dəvət edilmiş, Xalq Artisti Yusif Qasımovun bədii rəhbərliyi ilə “Bakı ulduzları” rəqs ansamblının ifasında milli rəqslərimiz nümayiş etdirilib. Ansamblın ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Azərbaycanın gənc caz ifaçısı, pianoçu Etibar Əsədlinin kvartetlə birgə milli musiqilərimizin sintez edildiyi etno-caz stilində ifa edilən əsərləri tamaşaçıların rəğbətini qazanıb.

Festival Müluz şəhərinin orkestrinin konserti ilə başa çatıb.

Bağlanış konserti zamanı P.Tilua çıxış edərək, festivalın uğurla keçməsindən və tamaşaçıların sayının hər gün artmasından məmnunluğunu ifadə edib.

Yekun konsertində orkestrə Azərbaycanın gənc və istedadlı dirijoru Fuad İbrahimov rəhbərlik edib. Azərbaycanlı skripkaçı Səbinə Rakçeyevanın müşayiəti ilə konsertdə Azərbaycan bəstəkarı Xəyyam Mirzəzadənin “Konserto grosso” və tanınmış qərb bəstəkarlarının əsərləri səsləndirilib.

P.Tiluanın Xocalı soyqırımına həsr etdiyi, artıq Fransada və digər ölkələrdə dəfələrlə ifa edilmiş “Xocalı 613” əsəri bu dəfə yeni formada təqdim olunub. Əsər tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.

azertag.az