Sumqayıt Şəhər Mədəniyyət Evində “Üzeyir ömrü” adlı tədbir keçirilib
20.9.2016

Sumqayıt Şəhər Mədəniyyət Evində Milli Musiqi Günü və dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 131 illiyi münasibətilə “Üzeyir ömrü” adlı tədbir keçirilib.

Mədəniyyət evindən bildirilib ki, tədbirdə Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib. “Xəyal” instrumental ansamblının (bədii rəhbəri Allahverdi Xəyal, konsertmeyster Rasim Hüseynov) solistləri Mehdi Yusifzadə, Fidan Nağıyeva, Şahin Qədirsoy və özfəaliyyət kollektivinin üzvü Kamil Ağazadənin ifasında bəstəkarın romansları səsləndirilib.

Tədbirdə “O olmasın, bu olsun” və “Arşın mal alan” musiqili komediyaları əsasında hazırlanmış səhnəciklər təqdim edilib. Şəhərin Səməd Vurğun adına Mərkəzi Kitabxanası tərəfindən bəstəkarın həyat və yaradıcılığını əhatə edən kitablar və dövri mətbuat materiallarından ibarət sərgi nümayiş olunub.

azertag.az