Səfir: Hindistan Azərbaycana birbaşa reyslərin açılmasında maraqlıdır
20.9.2016

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Hindistanın Azərbaycandakı səfiri Sanjay Rananı qəbul edib.

Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verilir ki, Hindistan səfiri ilə görüşdə Azərbaycan-Hindistan arasında mövcud əməkdaşlığın vəziyyəti və əməkdaşlığın perspektivləri müzakirə edilib. Səfir Sanjay Rana qeyd edib ki, ölkəsi Azərbaycan ilə mədəniyyət, incəsənət, kino və turizm sahələrində əməkdaşlığın dərinləşdirilməsində, bu məqsədlə iki ölkə arasında birbaşa reyslərin açılmasında maraqlıdır.

Ə.Qarayev Azərbaycanda Hindistan mədəniyyətinə ənənəvi xoş münasibətin olduğunu qeyd edərək bildirib ki, hər iki ölkənin xalqlarını tarixi əlaqələr bir-birinə bağlayır.

Sonda Ə.Qarayev S.Rananı 2017-ci ilin aprel ayında Bakıda keçiriləcək IV Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.

trend