Azərbaycan Dövlət Musiqili Teatrında yeni tamaşanın məşqlərinə start verilib.
Teatrının mətbuat xidmətindən bildirilib ki, yeni hazılanacaq səhnə əsəri özbək yazıçısı İbrahim Sadıqovun “Molla Nəsrəddinin beşinci arvadı” iki hissəli komediyasıdır. Əsəri Azərbaycan dilinə tanınmış yazıçı Dilsuz Mustafayev tərcümə edib. Tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Əsgər Əsgərovdur.
“Tükdilli xalqların hər biri hesab edir ki, Molla Nəsrəddin onlara məxsusdur. Əslində isə Molla Nəsrəddin ümumilikdə türk dünyasının müdriklik, kamillik simvoludur. Bu əbədiyaşar obraz öz hazırcavablığı, hadisələrə yerində və operativ münasibəti, intəhasız, intellektual yumor hissi ilə bütün dövrlərin müasiridir. Molla Nəsrəddin yüz illərdir ki, bizimlə birgə addımlayır, bu gün də bizimlə eyni cəmiyyətdə yaşayır, ətrafda baş verənlərə reaksiya verir, çox müdrik münasibətini bildirir, öz heyrətamiz, sərrast yumoru ilə bizi valeh edir. Ən əsası düşündürür, düşünməyə vadar edir. İlk baxışdan belə görünür ki, “Molla Nəsrəddinin beşinci arvadı” komediyasının çox sadə, adi süjet xətti var. Amma dərinliyinə varanda məlum olur ki, bu sadəliyin, adiliyin altında çox böyük mətləblər gizlənib. İstər teatrda, istərsə də kinoda indiyə qədər çoxlu Molla Nəsrəddinlər olub. Bizim tamaşamızın digərlərindən fərqi onda olacaq ki, biz hamının tanıdığı, bildiyi, amma heç kimin məhz o şəkildə, o “qiyafə”də görmədiyi Molla Nəsrəddini təqdim edəcəyik”, - deyə quruluşçu rejissor Əsgər Əsgərov söyləyib.
Qeyd edək ki, 2016-cı ilin sonuna qədər premyerasının keçirilməsi planlaşdırılan “Molla Nəsrəddinin beşinci arvadı” tamaşasının quruluşçu rəssamı Nabat Səmədova, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlər, musiqi tərtibatçısı gənc bəstəkar Fərid Fətullayev, rejissor assistenti Tamilla Aslanovadır.
Tamaşada rolları Əməkdar artistlər Əzizağa Əzizov, Əkbər Əlizadə, Almaz Ələsgərova, Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Ağaxan Şərifov, Rəsmiyyə Nurməmmədova, Gülcahan Salamova, Ülviyyə Əliyeva, Gülnarə Abdullayeva və digərləri ifa edəcəklər.
azertag.az