Azərbaycan Aşıqlar Birliyində (AAB) səsyazma studiyası, arxiv və muzey yaradılacaq.
Birliyin sədri, Əməkdar İncəsənət Xadimi Məhərrəm Qasımlı bildirib ki, səsi və sənəti ilə xalqa xidmət edən ustad aşıqların, eləcə də gənc, istedadlı aşıqların səsini əbədiləşdirmək üçün digər məkanlara, televiziya, radiolara müraciət etmək lazım olmayacaq. Birliyin 3-cü mərtəbəsində xüsusi studiya yaradılacaq, səsyazma cihazları quraşdırılacaq. Həyatda ikən səsi, ifası yazılmış aşıqların 100 illər sonra da yadigar səsi və çalğısı bu studiyalarda mühafizə edilib gələcək nəslə çatdırılacaq.
Bildirilib ki, AAB-də mədəniyyətimizə, milli-tarixi kimliyimizə, dövlətimizə və dövlətçiliyimizə sədaqətlə xidmət edən aşıqlarımızın arxivlərinin yaradılması, ozan-aşıq muzeyinin yaradılması da nəzərdə tutulub. Birliyin sədri bunun üçün də müvafiq yer ayrıldığını bildirib.
Məhərrəm Qasımlının sözlərinə görə aşıqların kitabları, diskləri, səsyazıları, onların haqqında mütəxəssislərin fikirləri, aşıq sənəti korifeyləri haqqında yazılmış monoqrafiyalar, dərc olunmuş kitablar da arxivdə toplanacaq, ozan-aşıq muzeyinin bəzəyinə çevriləcək.
azertag.az