Narina Bayramova: Şirkətimiz tibbi turizm sahəsində zəngin təcrübə toplayıb
21.9.2016

Biz artıq uzun illərdir ki, əsasən MDB ölkələrindən olan müxtəlif kateqoriyalı xəstələrin Türkiyə və Bolqarıstanın ən yaxşı klinikalarında müalicəsini təşkil edirik. Şirkət tibbi turizm sahəsində zəngin təcrübə toplayıb.

Bu sözləri tibb sahəsində regionun ən iri ixtisaslaşdırılmış tədbiri olan 22-ci Azərbaycan Beynəlxalq səhiyyə sərgisində (“BIHE-2016”) iştirak edən Türkiyənin “Acıbadem” şirkətinin baş ofisinin nümayəndəsi Narina Bayramova deyib.

Artıq dörd ildir ki, şirkətin Azərbaycanda nümayəndəliyinin fəaliyyət göstərdiyini deyən N.Bayramova qeyd edib ki, bu müddət ərzində müalicə məqsədilə Türkiyəyə gedən bütün kateqoriyalardan olan pasientləri ən yaxşı xidmətlə təmin etməyə nail olmuşuq. “Ən təcrübəli həkimlər, müasir avadanlıqlar və mükəmməl qulluq onların xidmətindədir. Bəzi xəstələr bizə onkologiya diaqnozu və transplantalogiya problemləri ilə müraciət edir”, - deyə N.Bayramova vurğulayıb.

O deyib: “Biz Azərbaycanda keçirilən Azərbaycan Beynəlxalq səhiyyə sərgisində dəfələrlə iştirak etmişik. Bu da çox faydalıdır. Belə ki, nəhəng ixtisaslaşmış forumlar çərçivəsində məhsul və xidmətləri vaxtaşırı təklif etmək lazımdır. Bu dəfə bizim iştirakımız geniş idarəetmə, yeni tərəfdaş və müştəri axtarışında olan ziyarətçilərin məlumatlandırılması ilə bağlıdır. Sərginin ilk iki iş günü bizim stendə böyük marağın olduğunu göstərib. Həmçinin, tibbi turizm sahəsində yerli mütəxəssislərlə əməkdaşlığın qurulması da mümkündür”.

azertag.az