“Elektron hökumət” gənclər arasında təbliğ olunur
21.9.2016

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və “İrəli” İctimai Birliyinin təşkilati dəstəyi ilə “Elektron xidmətlərin təbliğində gənclərin rolu” layihəsinin icrasına start verilib.

Fonddan bildiriblər ki, layihənin məqsədi gənclər arasında “Elektron hökumət”in geniş təbliği və vətəndaş-dövlət münasibətlərinin tənzimlənməsi sahəsində maarifləndirmə işi aparmaqdır.

Layihənin ilk mərhələsində gənclər arasında ən çox istifadə olunan, gənclərin ehtiyac duyduğu elektron xidmətlər barədə sorğu keçiriləcək. Sorğunun nəticələrinə uyğun olaraq, gənclərin daha çox hansı elektron xidmətlərdən istifadə etdiyi müəyyənləşdiriləcək. Sonra həmin nəticəyə müvafiq olaraq, təlim modulları hazırlanacaq. Sonrakı mərhələlərdə isə “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzi tərəfindən elektron xidmətlərin təbliği mövzusunda bir neçə günlük təlimlər keçiriləcək.

“Elektron xidmətlərin təbliğində gənclərin rolu” layihəsinin sonuncu mərhələsində isə elektron xidmətlərdən daha rahat istifadə edə bilmək üçün xüsusi maarifləndirici videoçarxlar hazırlanacaq.

Layihədə iştirak etmək istəyən gənclər aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər:

https://docs.google.com/forms/d/1L4POEt9wnkYRQ5sVewXd1icszznsMso4oMC7IwQNMU4/viewform?edit_requested=true#responses.

azertag.az