Sentyabrın 20-də “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Nazirliyi arasında 2017-2019-cu illər üzrə Kompleks Əməkdaşlıq Planı” imzalanıb. Sənədi Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması naziri Vladimir Puçkov imzalayıblar.
Fövqəladə Hallar Nazirliyindən (FHN) bildiriblər ki, görüşdə iki ölkənin nazirlikləri arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulanıb, əlaqələrin perspektivləri müzakirə edilib.
Sonda FHN-in bir qrup əməkdaşı Rusiyanın müvafiq qurumunun medalları ilə təltif edilib.
Görüşdən sonra Vladimir Puçkovun başçılıq etdiyi nümayəndə heyəti FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalının fəaliyyəti ilə tanış olub.
azertag.az