Ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra ictimai həyatın bütün sahələrində əhalinin rifahının yaxşılaşdırılmasına yönələn məqsədyönlü tədbirlər görülüb. Ümumbəşəri sosial bəla olan vərəm əleyhinə mübarizə də diqqətdən kənarda qalmayıb və bu sahədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə uyğun strategiyalar hazırlanıb, xüsusi qanun qəbul olunub. Həmçinin beynəlxalq təşkilatlarla əlaqəli surətdə müvafiq proqramlar və layihələr həyata keçirilib, o cümlədən penitensiar müəssisələrdə bu xəstəliyə qarşı mübarizəyə xüsusi diqqət yetirilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, ÜST-nin təhlillərinə görə, həbsxanalarda vərəmin yayılması riski onun mülki əhali arasında yayılmasından qat-qat çoxdur. Bununla əlaqədar Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə səmərəli əməkdaşlıq qurularaq, uzun illər məhkumlara yüksək ixtisaslı tibbi yardımın göstərilməsi sahəsində qarşılıqlı fəaliyyət həyata keçirilərək tibb xidməti, məhkumların dərman təminatı əsaslı şəkildə yaxşılaşdırılıb, penitensiar müəssisələr ən yeni tibb avadanlığı ilə təchiz olunub.
Həmçinin vərəmli məhkumlar üçün müasir laborator və diaqnostik avadanlıqla təchiz edilmiş ayrıca müalicə müəssisəsinin açılması bu xəstəliyə qarşı mübarizədə böyük əhəmiyyət kəsb edib. Bu sahədə ÜST və BQXK ilə birgə fəaliyyət çox müsbət nəticələr verib, vərəmin dəqiq diaqnozunu ən qısa vaxtda müəyyən etməyə imkan verən yeni ekspress-test dünyada ilk dəfə olaraq penitensiar müəssisələrdə məhz Azərbaycanda tətbiq olunub.
Həyata keçirilən kompleks tədbirlər hesabına, xüsusilə müalicəyə çətin tabe olan vərəmə düçar olmuş xəstələrin müalicəsi üzrə yüksək göstəricilər əldə edilib. Son 20 ildə vərəm hallarının sayında ilbəil azalma müşahidə olunub, vərəmdən ölüm isə 100 dəfə azalıb.
Artıq ölkəmizin bu sahədə nailiyyətləri ÜST, Qlobal Fond, BQXK, “Vərəmi Dayandırmaq üzrə Tərəfdaşlıq” və digər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilərək, ÜST Avropa Regional Bürosunun 61-ci sessiyasında region ölkələri üçün nümunəvi təcrübə kimi göstərilib, habelə BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusuna malik olan İslah və Həbsxanalar Beynəlxalq Assosiasiyası tərəfindən illik Səhiyyə Mükafatına layiq bilinib.
Eyni zamanda, BQXK birgə fəaliyyətin nəticələrinə əsaslanaraq ölkəmizin vərəmlə mübarizədə müsbət təcrübəsini digər dövlətlər üçün örnək kimi dəyərləndirərək onun dünyada yayılmasının əhəmiyyətini bildirib. Bununla əlaqədar praktiki olaraq dünyada ilk dəfə cəzaçəkmə müəssisələrində bu spesifik təcrübəni yaymaq məqsədilə 2012-ci ildə Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış müalicə müəssisəsinin nəzdində Beynəlxalq Təlim Mərkəzi yaradılıb. Mərkəz ölkəmizin penitensiar müəssisələrində işləyən istər tibbi, istərsə də qeyri-tibbi ixtisaslı əməkdaşların vərəm üzrə biliklərə yiyələnməsinə xidmət etməklə yanaşı, digər ölkələrin nümayəndələrinin hazırlığını da həyata keçirir.
Son illər 15-dək dövlətdən tərkibində səhiyyə, penitensiar xidmət və beynəlxalq təşkilatların vərəmlə mübarizə sahəsində işləyən 120-dək nümayəndələri Bakıda səfərdə olub və müsbət təcrübəmizdən bəhrələniblər. Artıq bəzi ölkələrdə bizim təcrübəyə oxşar modellərin tətbiqinə başlanılıb.
Tacikistan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət edərək ölkəmizin vərəmlə mübarizədə müsbət təcrübəsi ilə tanış olmaq barədə niyyətini bildirib. Bu məqsədlə Tacikistan Ədliyyə Nazirliyinin Cinayət cəzalarının icrası baş idarəsinin rəhbər işçiləri və həkimləri, habelə Səhiyyə Nazirliyinin, "Karitas Lüksemburq" və digər təşkilatların təmsilçilərindən ibarət nümayəndə heyəti Bakıda səfərdə olub.
Qonaqlar əvvəlcə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə gül dəstələri qoyublar. Həmçinin Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarları ziyarət olunub.
Səfər çərçivəsində Tacikistan nümayəndə heyəti ilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətində və Tibb Baş İdarəsində rəsmi görüşlər keçirilib. Həmçinin qonaqlar üçün vərəmlə mübarizəyə dair 10 təqdimat keçirilib.
Eyni zamanda, penitensiar müəssisələrdə vərəmə nəzarət proqramı ilə yaxından tanışlıq imkanı yaradılıb, o cümlədən İxtisaslaşdırılmış Müalicə Müəssisəsində, Bakı istintaq təcridxanasında və 1 saylı cəzaçəkmə müəssisəsində vərəmin aşkarlanması, laborator diaqnostikası və müalicəsi üzrə bir sıra tədbirlər nümayiş etdirilib.
Görüşlər və tanışlıq zamanı məlumat verilib ki, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ədliyyə orqanlarının inkişafı üzrə həyata keçirilən genişmiqyaslı islahatlar çərçivəsində penitensiar sistemin fəaliyyəti xeyli təkmilləşdirilib, məhkumların hüquqları və imtiyazları genişləndirilib, saxlanma şəraiti, dərman və digər təminatları, xüsusilə tibbi xidməti əsaslı şəkildə yaxşılaşdırılıb.
Penitensiar müəssisələrdə vərəmə nəzarət işi ilə əyani tanış olan Tacikistanın nümayəndə heyəti müalicənin mərkəzləşdirilmiş qaydada aparılması, dərmanlara həssaslıq göstəricilərinə müvafiq standartlaşdırılmış müalicə rejimlərinin təyini, beynəlxalq standartlara uyğun innovativ laborator diaqnostika metodlarının geniş tətbiqi, məhbusların saxlanma rejiminin gözlənilməsi şərti ilə infeksiyaya nəzarət tədbirlərinə riayət olunması, azadlığa buraxılan xəstələrin müalicəsinin sonadək izlənilməsi və sosial dəstək kimi Azərbaycanın nadir təcrübəsini böyük maraqla qarşılayıb. Nümayəndə heyəti penitensiar müəssisələrdə həyata keçirilən tibbi tədbirlərin ölkə miqyasında aparılan işlərə uyğunluğundan və əlaqələndirilmiş fəaliyyətdən məmnunluğunu ifadə edib.
Səfər zamanı qonaqlar, həmçinin Bakının görkəmli və tarixi yerləri ilə tanış olublar. Onlara son illər ərzində respublikamızın hərtərəfli inkişafı barədə müfəssəl məlumatlar verilib. Eyni zamanda, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin müasir binası və 5 saylı “ASAN xidmət” mərkəzi ilə tanış olan nümayəndə heyətinin üzvləri ölkəmizin məhkəmə-hüquq sistemindəki nailiyyətlərindən, habelə korrupsiyaya qarşı mübarizədə innovativ və şəffaf xidmətlərdən heyranlıqlarını bildiriblər.
Səfərin yekununda təəssüratlarını bölüşən tacikistanlı nümayəndələr ölkəmizin hərtərəfli tərəqqisinin şahidi olduqlarını söyləyib, səmimi qonaqpərvərliyə və yüksək təşkilatçılığa görə Ədliyyə Nazirliyinə minnətdarlıqlarını ifadə ediblər. Həmçinin penitensiar sistemdə vərəmə nəzarət üzrə Azərbaycanın müsbət təcrübəsini əyani öyrənərək onu örnək kimi qəbul etdiklərini və bunun müxtəlif komponentlərinin gələcəkdə öz ölkələrində tətbiq edəcəklərini qeyd edib, səfərin onlar üçün olduqca faydalı və səmərəli olduğunu vurğulayıblar.
azertag.az