Tanınmış rusiyalı gitaraçı Bakıda ustad dərsləri keçmişdir
9.6.2011

Xəbər verdiyimiz kimi, Niderlandda yaşayan tanınmış rusiyalı gitaraçı, beynəlxalq müsabiqələr laureatı İrina Kulikova uşaq musiqi və incəsənət məktəblərində klassik gitara ixtisası üzrə ustad dərsləri keçmək üçün Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Bakıya dəvət olunmuşdur.
İyunun 9-də İrina Kulikova Səbail rayonundakı Tofiq Quliyev adına 12 nömrəli onbirillik uşaq musiqi məktəbində uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün ustad dərsləri keçmişdir.
Tədbirdə istedadlı musiqiçinin həyat və yaradıcılığından söz açılmışdır. Bildirmişdir ki, solo ifaçısı İrina Kulikova erkən yaşlarından musiqi istedadını inkişaf etdirməyə başlamışdır. Dünyanın 20-dən çox ölkəsində konsert proqramları ilə çıxış etmişdir. Ən nüfuzlu beynəlxalq müsabiqələrdə 1-ci yerə layiq görülən İ. Kulikova hazırda Hollandiyada yaşayır və fəaliyyət göstərir.
İ.Kulikova bildirmişdir ki, hər bir yaradıcı şəxs öz təcrübəsini zənginləşdirməyə çalışmasa, ustalıq mümkün deyildir. Yaradıcı insanlar özlərini müxtəlif üslublarda yoxlamalı, daim axtarışda olmalı və inkişaf etməlidirlər. Dərslərin əsas məqsədi şagirdlərin yaradıcılıq potensialını üzə çıxarmaq, onların ifaçılıq mədəniyyətini zənginləşdirmək, klassik və müasir musiqi ifasının təsirindən həzz almaqdır.
Sonra rusiyalı gitaraçı şagirdlərin gitarada ifalarını dinləmiş, onlarla diskussiya aparmışdır.
Daha sonra İ.Kulikova məşhur bəstəkarların kompozisiyalarını ifa etmişdir.
Dünyanın bir çox ölkələrində ustad dərsləri keçmiş tanınmış rusiyalı gitaraçının ifası məktəbin şagirdlərini heyran etmişdir.