Bakı-Ələt-Qazax avtomobil yolunun daha bir hissəsi yenidən qurulub
21.9.2016

Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 196-283.8-ci km-lik Kürdəmir-Ucar-Yevlax hissələrinin 2 zolaq əlavə edilməklə I texniki dərəcəyə təkmilləşdirilməsi layihəsinin icrası tam olaraq yekunlaşıb.

Azəravtoyol ASC-dən verilən məlumata görə, sözügedən hissənin uzunluğu 87,8 km-dir və layihə çərçivəsində 4 ədəd yol qovşağı, 5 ədəd su üzərindən körpünün inşası həyata keçirilib.

Ümumiyyətlə avtomobil yollarının yenilənməsi, yenilənməylə paralel olaraq yollarda sürətin artması həm sərnişin, həm də yükdaşımanın rahat şəkildə həyata keçirilməsinə, bununla da artımına səbəb olur. Yükdaşımanın artması isə təbii ki, bu sahədən gə­lən gə­lirlərin, büdcəyə da­xil olan və­sa­i­tin həc­minin artmasına və nəticədə döv­lət büd­cə­si­nin in­ki­şa­fı­na gətirib çıxarır.

“Qədim İpək yolu”nun üzərində yerləşən respublikamızda “Azəravtoyol” ASC tərəfindən yaradılan müasir yol infrastrukturu sayəsində region ölkələrinin həm daşımalarla bağlı problemləri həllini tapır, həm də onların da bu sahədə imkanları artır.

Ölkədə avtomobil yollarının müasir səviyyədə yenidənqurulması və bu istiqamətdə aparılan uğurlu islahatlar nəticəsində son illər I texniki dərəcəli yolların uzunluğu 500 km-ə qədər artıb.

Bu avtomobil yolu Şərq-Qərb istiqamətində beynəlxalq avtomobil yükdaşımaları dəhlizinin Azərbaycandan keçən tərkib hissəsi olmaqla, Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə, həmçinin respublika ərazisində bu istiqamətdə əlaqələrinin inkişafında mühüm rol oynayır.

Bakıdan Gürcüstan sərhədinədək 503 km məsafəni əhatə edən magistralın Bakı-Ələt, Ələt-Hacıqabul, Hacıqabul-Kürdəmir, Kürdəmir-Ucar-Yevlax, Yevlax-Gəncə hissələrinin I texniki dərəcəyə təkmilləşdirilməsi işləri yekunlaşdırılıb. Magistralın Hacıqabul-Kürdəmir, Kürdəmir-Ucar-Yevlax hissələrində “Azəravtoyol” ASC-nin rəhbərliyinin müdaxiləsi ilə gecikmələrə səbəb olan problemlərin həll edilməsi, mütəmadi olaraq işlərin gedişi ilə yerindəcə tanış olaraq, müvafiq tapşırıq və tövsiyyələrin verilməsi sayəsində işlər sürətləndirilib.

Nəticədə qısa zaman ərzində tikinti-quraşdırma işləri magistral avtomobil yolunda avtonəqliyyat vasitələrinin fasiləsiz hərəkəti dayandırılmadan yerinə yetirildi, bütün işlər beynəlxalq tikinti və normalarının tələblərinə uyğun keyfiyyətlə aparılaraq sözügedən hissələr istismara hazır vəziyyətə gətirilib. Yaxın gələcəkdə isə magistralın Gəncə-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi hissəsinin də yenidənqurulmasına başlanılması planlaşdırılır.

trend.az