Prezident İlham Əliyevdən Avropaya demokratiya dərsi
21.9.2016

Belə bir Qədim Şərq deyimi var: “Düşüncələrinizə diqqət edin ki, onlar davranışlarınızın başlanğıcı ola bilər”. Bəli, bu deyim tarixin müxtəlif dönəmlərində özünü büruzə verib. Hissləri, çılğın düşüncələri ilə idarə edənlər fəaliyyətlərində ciddi nöqsanlara yol verirlər.

Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti ilə görüşündəki ittihamları da bu cür düşünənlərə yetərli siqnal oldu. Bunu tarixi çıxış kimi də qeyd etmək olar. Prinsipial, informasiyanı olduğu kimi çatdırmaq, diplomatik manevrlərdən daha da səmimi və qətiyyətli çıxış. Bunu “Prezident İlham Əliyevdən Avropaya demokratiya dərsi” də adlandırmaq olar, Azərbaycanın prinsipial mövqeyi də. Hər iki halda bu, ölkənin sadə vətəndaşından tutmuş, məmuruna qədər insanların ürəyincə olan bir məsələ idi. Ölkə vətəndaşı özünü daha güclü hiss etdi, qürurlandı.

Niyə də olmasın? Məgər “kiçik dövlət” sanaraq dırnaqarası demokratiyanı təcrübədən keçirməklə özlərinə sərf edən həyat tərzini yeritmək ədalətdirmi? Kimlərinsə haqqını yemək demokratiyadırmı? Ölkədə güc hesabına xalqın iradəsini, istəyini nəzərə almamaq hansı yazılmış prinsipdir? Bu sualları çox sıralamaq olar. Ancaq çox təəssüf ki, orta məktəblərdə, universitetlərdə öyrəndiyimiz Avropa demokratiyasını kif basıb, üfunət iyi verir. Həyat tərcübəsi topladıqca anlayırsan ki, yox, sən demə, real həyat tamam başqa bir dünyadır.

Əslində, Azərbaycan Prezidentinin sərt mövqeyi ölkənin hər bir vətəndaşının hüququnun qorunmasına hesablanıb. Çünki Azərbaycan dövləti, onun Prezidenti haqsızlığa qarşı mübariz olmasa, beynəlxalq hüququn ayaq altında tapdalandığını göstərməsə, sabah Azərbaycanın hər bir vətəndaşının başı böyük Avropa, Qərb akulalarının ağzında ola bilər. Dövlət başçısı bununla hegemon ölkələrə, beynəlxalq təşkilatlara Azərbaycanın prinsipial mövqeyini bir daha xatırlatdı. Bu mövqe beynəlxalq hüquqa, ədalətə, Azərbaycanın milli maraqlarına söykənib.

Görün, Avropa demokratiyası nə günə qalıb ki, təmsilçisinin demokratik davranışını, Azərbaycan Prezidenti ilə şəkil çəkdirməsini həzm edə bilmir. Biz ində gələcək nəsillərə demokratiyanı necə izah edək? Deyək ki, bir məişət zəminində döyülərək və bədbəxt hadisə nəticəsində ölən jurnalistin məsuliyyətini dövlət başçısının üzərinə qoymaq və guya Azərbaycan Prezidentini sosail şəbəkədə tənqid etdiyinə görə döyülməsi barədə sərsəm danışıqlar demokratiyadırmı? Onda biz də bağıraq ki, ABŞ-da az qala gündə minlərlə qara dərilinin haqqı tapdalanır, öldürülür, Avropada jurnalistlər peşə fəaliyyətinə görə qətlə yetirilir.

Niyə bunları görmürsünüz, demokratiya carçıları? Əslində, heç görə də bilməzsiniz, çünki Avropada demokratiya tənəzzülə uğrayıb. Bunun başlıca səbəbi isə dünyanın demokratiya ilə deyil, güclə idarə olunmasıdır. Ancaq barı bizlərə toxunmayın, imkan verin, Azərbaycan öz milli maraqlarına xidmət edən demokratiyası ilə yaşasın. Hər bir cəmiyyətin öz tarixi yolu, xalqın mental dəyərləri, xüsusiyyətləri, seçimi var. Azərbaycan bu seçimini edib. Azərbaycanın strateji düşüncəli, uzaqgörən, soyuqqanlı lideri var və Azərbaycan dövlətinin inkişafı, xalqının milli maraqları naminə çevik, düzgün qərarlar qəbul edir.

trend.az