Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Eşqin Quliyev Moskvada keçiriləcək “Territoriya” XI Beynəlxalq Müasir İncəsənət Festivalında ölkəmizi təmsil edəcək.
Teatrın mətbuat xidmətindən bildirilib ki, oktyabrın 10-dan 20-dək davam edəcək festival Rusiya Mədəniyyət Nazirliyinin və Moskva Şəhəri Mədəniyyət Departamentinin təşkilatçılığı ilə baş tutacaq.
Festivalın təşkil olunmasında əsas məqsəd Rusiya tamaşaçısını, festivalın tələbə iştirakçılarını, eləcə də Rusiyada fəaliyyət göstərən teatr universitetləri məzunlarını müxtəlif janr və məzmunda olan dünya teatr tendensiyaları ilə yaxından tanış etməkdir. Paytaxtın mədəni həyatında xüsusi yer tutan bu festival-məktəb Rusiya miqyasında mühüm təhsil layihəsidir. Ənənəvi olaraq festivalın tədris proqramına məşhur xarici teatr tamaşalarının nümayişi, silsilə ustad dərsləri, seminarlar, Avropa ölkələrinin aparıcı rejissor, aktyor və xoreoqrafları ilə görüşlər daxildir.
Qeyd edək ki, festival hər il Rusiyanın 50 şəhərindən 100-dək teatr universiteti tələbəsini, eləcə də mədəniyyət və incəsənət üzrə gənc mütəxəssisləri bir araya gətirir.
azertag.az