Dubay Əmirliyinin Məskunlaşma və Əcnəbilərin İşləri üzrə Baş İdarəsinin baş direktoru general-mayor Məhəmməd Əhməd Əl Mərri baş konsul Pərviz İsmayılzadə ilə görüşüb.
Görüşdə Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri, xüsusilə Dubay Əmirliyi arasında miqrasiya sahəsində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Baş konsul həmsöhbətinə son illər ərzində respublikamızda miqrasiya sahəsində aparılan islahatlar və dəyişikliklər, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib.
O, həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni istifadəyə verilmiş Aerovağzal kompleksi barədə məlumat verib, Azərbaycan tərəfinin Dubay Əmirliyinin miqrasiya sahəsindəki qabaqcıl təcrübəsinin öyrənilməsində və bu sahədə həyata keçirilən elektron xidmətlərin, xüsusilə viza-onlayn və həmçinin hava limanlarında göz skaneri və elektron keçid sistemlərinin ölkəmizdə tətbiq olunmasında maraqlı olduğunu bildirib.
M.Ə.Əl Mərri sözügedən sistemlərin Azərbaycanda tətbiq olunması istiqamətində münasib şərtlərlə istənilən köməyin göstərilməsinə hazır olduğunu bildirib.
Məhəmməd Əhməd Əl Mərri oktyabrın 18-20-də Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevi Dubay Əmirliyinə səfərə dəvət edib.
azertag.az