Hazırda dövlət ailə siyasətinin əsas prioritetləri gənc nəslin milli-mənəvi ənənələr ruhunda tərbiyləndirilməsi, layiq milli kadrların hazırlanmasıdır. Bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirir.
Növbəti tədbir sentyabrın 21-də Müdafiə Nazirliyi ilə birlikdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilib.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, YAP-ın Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı və Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev qeyd ediblər ki, Azərbaycan gənclərinin tarixi-mədəni irsə, milli mənəvi və bəşəri dəyərlərə hörmət ruhunda tərbiyələndirilməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bildirilib ki, hələ ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyev bu məsələlərə xüsusi diqqət yetirirdi. Ulu öndər Cəmşid Naxçıvanski adına Hərbi Liseyi təsis edib, hərbi kadrların, Azərbaycanın hərbi potensialının yaradılması üçün böyük işlər görüb. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, gənclər üçün böyük imkanlar yaradılır.
Çıxış edənlər xatırladıblar ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışına qədər Azərbaycana rəhbərlik edən qüvvələr milli ordunu yarada bilməyərək məsuliyyətsizliyə yol veriblər. Nəticədə Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinin 20 faizini işğal edə bilib, bir milyondan çox azərbaycanlı zor gücünə öz doğma torpaqlarından qovulub, on minlərlə insan həlak olub. Yalnız xalqın tələbi ilə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişindən və Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonra ordu quruculuğu sahəsində fəaliyyətə güclü təkan verilib, döyüş qabiliyyətli silahlı qüvvələrin yaradılması üçün zəruri şərait formalaşdırılıb. Hazırda Azərbaycan Ordusunun bölgənin ən qüdrətli ordusu olması, işğal altındakı torpaqları istənilən vaxt düşməndən təmizləməyə və Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə qadir olduğu qeyd edilib. Vurğulanıb ki, aprel hadisələri bir daha Azərbaycan Ordusunun gücünü göstərdi.
azertag.az