Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) “The State of Broadband” adlı yeni hesabatında Azərbaycanın ayrı-ayrı göstəricilər üzrə mövqeyi güclənib.
Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib.
Məlumata görə, Azərbaycan reytinq cədvəlində hər 100 nəfərə düşən internet istifadəçilərinin sayına görə 63-cü yerdən 36-cı yerə yüksəlib. Hesabata əsasən, ölkədə hər 100 nəfərdən 77-si internetdən istifadə edir.
Hər 100 nəfərə düşən genişzolaqlı internet istifadəçilərinin sayına görə isə Azərbaycan reytinq cədvəlində 53-cü pillədə qərarlaşıb. Hazırda ölkədə hər 100 nəfərə 19,76 genişzolaqlı internet istifadəçisi düşür. Azərbaycan bu göstərici üzrə Rusiya, Türkiyə, İran, Qazaxıstan və Ermənistanı geridə qoyub.
Məlumat üçün bildirək ki, sözügedən reytinqdə Monako (hər 100 nəfərə 47,47 istifadəçi) liderdir. Sonrakı yerləri İsveçrə, Lixtenşteyn, Danimarka, Niderland bölüşür.
Bundan başqa, Azərbaycan mobil genişzolaqlı internet abunəçilərinin sayına görə də mövqeyini yaxşılaşdırıb. Belə ki, Azərbaycan dünya üzrə reytinqdə 68-ci yerdən 60-cı yerə qalxıb.
report.az