Bu gündən Azərbaycanda payız fəsli başlayır
22.9.2016

Bu gündən Azərbaycanda payız fəsli başlayır.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov deyib ki, ölkəyə payız fəsli sentyabrın 22-də saat 18:21-də daxil olacaq.
O bildirib ki, bu gün gecə və gündüz bərabərliyi baş verəcək. Sentyabrın 23-dən başlayaraq gecələr uzanacaq, gündüzlər isə qısalacaq: "Gecə və gündüz bərabərləşəcək. Buna payız bərabərliyi deyirlər. Günəş şimal yarımkürəsindən cənub yarımkürəsinə keçir. Bu tarixdən sonra cənub yarımkürəsində yay mövsümü başlayır".
X.Mikayılovun sözlərinə görə, gecələrin uzanması dekabrın 21-nə kimi davam edəcək və həmin gün ən uzun gecə olacaq. Bundan sonra təkrar gecələr qısalmağa başlayacaq və martın 21-də gecə-gündüz bərabərliyi baş verəcək.
X.Mikayılov onu da qeyd edib ki, bu il qış Azərbaycana dekabrın 21-i, saat 14:44-də daxil olacaq.

report.az