SKMF Ağstafada sahibkarlara güzəştli kreditlər verib
22.9.2016

Bu gün İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Ağstafa rayonunun Göycəli kəndində növbəti dəfə işgüzar forum keçirib.

Bu barədə nazirlikdən bildirilib.

Məlumata görə, forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Ağstafada həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.

Tədbirdə 90-a yaxın sahibkar iştirak edib. Forum çərçivəsində Ağstafa rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan iri taxılçılıq, kartofçuluq, cins heyvandarlıq, istixana və arıçılıq təsərrüfatlarının, pendir istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.

Fondun icraçı direktorunun müavini Arif Vəliməmmədov bildirib ki, bu ilin ötən dövrü ərzində 1769 sahibkara 102,7 milyon manat güzəştli kredit verilib: "Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 5500-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə, bugünədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 6000-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 221,6 milyon manat güzəştli kredit verilib".

İşgüzar forum çərçivəsində Ağstafa və ətraf rayonlardan olan 48 sahibkara 610 min manat güzəştli kredit verilib. Kreditlər əsasən, heyvandarlıq, quşçuluq, tərəvəzçilik, bağçılıq, un məmulatları istehsalı sahələrinin inkişafına yönəldiləcək. Bu işlərin həyata keçirilməsi hesabına 50-dən çox yeni iş yerinin açılması mümkün olacaq.

Forum çərçivəsində Ağstafa rayonunda güzəştli kredit ayrılmış heyvandarlıq təsərrüfatlarına baxış keçirilib.

report.az