“Ölülər XXI əsr” komediyasının premyerası keçirilib
22.9.2016

Park Cinema kinoteatrlar şəbəkəsinin Metro Park ticarət mərkəzində yerləşən kinoteatrında “Planeta Parni iz Baku” KVN teatrının bədii rəhbəri, Azərbaycanın əməkdar artisti Tahir İmanovun “Ölülər XXI əsr” filminin premyerası keçirilib.

Tədbirdə görkəmli mədəniyyət və incəsənət xadimləri – yazıçılar, bəstəkarlar, rejissorlar, aktyorlar, prodüserlər iştirak ediblər Qonaqların arasında Azərbaycan Yazıçılar İttifaqının sədri, xalq yazıçısı Anar, xalq artistləri Fəxrəddin Manafov, Məbud Məhərrəmov, Fuad Poladov, Valeh Kərimli, xalq artisti, bəstəkar Faiq Sücəddinov, əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, əməkdar incəsənət xadimi, teatrşünas İlham Rəhimli və başqaları var idi.

Tədbirdə çıxış edən, filmdə baş rollardan birini ifa etmiş aktyor Valeh Kərimov filmin yaradıcı kollektivini premyera münasibətilə təbrik edib: “Ölülər XXI əsr” filmi Tahir İmanovun böyük zəhmətinin nəticəsidir. Çəkilişlər zamanı aktyorların işləməsi üçün bütün şərait yaradılmışdı. Etiraf edim ki, Tahir İmanovla çalışmaq heç də hər zaman asan deyildi, o tələbkardır, dəqiqliyi sevir, lakin rejissor elə belə də olmalıdır.Tahir İmanov Azərbaycanı sonsuz dərəcədə sevən bir insandır. Çəkilişlər vaxtı o, ölkəmizin elə mənzərəli yerlərini seçirdi ki, filmə baxdıqdan sonra tamaşaçılar o yerlərə mütləq baş çəkmək istəyəcəklər.”

Filmə musiqi bəstələmiş bəstəkar Faiq Sücəddinovun sözlərinə görə, film üzərində iş mehriban və dostluq şəraitində keçirdi. Bəstəkar film üzərində çalışan hər kəsə yaradıcılıq fəaliyyətində uğurlar arzuladı.

Filmin baş məsləhətçisi, teatrşünas İlham Rəhimli filmdə çəkilmiş və obrazlarını yaratdıqları qəhrəmanların xarakterini tam şəkildə canlandıra bilmiş aktyorların məharətini qeyd edib.

Tahir İmanov öz çıxışında film üzərində iş prosesnin çoxdan başlandığını bildirib. Film görkəmli Azərbaycan maarifçisi və satirik yazıçısı Cəlil Məmmədquluzadənin “Ölülər” pyesinin müasir interpretasiyasıdır.

Daha sonra film tamaşaçılara təqdim olunub. “Ölülər XXI əsr” filmi komediya janrında çəkilib. Pyesin hələ ötən əsrin əvvəllərində yazılmasına baxmayaraq orada toxunulan mövzular bu gün də aktualdır. Həmin mövzular Tahir İmanovun filmində əks olunub.

Filmin ssenari müəllifləri – Tahir İmanov, Ələkbər Əliyev, Mütəllim Həsənov, Anar Ömərov və Məmmədəli Kazımovdur. Filmin quruluşçu rejissoru- Şuşa (Tahir İmanov), quruluşçu operatoru – Saulyus Lukoçeviçus, quruluşçu rəssamı – Rövşən Mehdiyev, bəstəkarı – Faiq Sücəddinov, rejissorlar – Elman Şeydayev, Ramil Ağasıyev, xəddi prodüser – İsmayıl Səfərəli, icraçı prodüser – Mirsalam Mirsalamov, prodüserlər – Tahir İmanov və Cabir İmanovdur. Filmdə Tahir İmanov, Valeh Kərimov, Elnar Qarayev, Cabir İmanov, Rövşən Kərimduxt, Bəhram Bağırzadə, Azər Məmmədzadə, Dilarə Əliyeva, Mehriban Xanlarova, Elxan Quliyev və başqaları çəkiliblər.

trend