Heydər Əliyev Fondunun və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə keçirilən Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində klassik musiqi konserti olub.
İsrailli musiqiçilər Haqay Şaham (skripka) və Yulia Qurviç (fortepiano) konsertdə İ.Brams, E.Qriq və R.Şumanın əsərlərini səsləndiriblər.
Bir çox beynəlxalq müsabiqələr laureatı olan Haqay Şaham dünya ölkələrinin məşhur konsert zallarında nüfuzlu orkestrlərin, o cümlədən Royal Filarmonik Orkestri, İngilis Kamera, Baden-Baden, Praqa, Slovak və Belqrad Filarmonik orkestrlərinin solisti kimi çıxış edib. O, həmçinin Honqkonq, Sinqapur, İsrail Simfonik orkestrləri ilə çıxış edib. Haqay Şaham “Stony Brook” Universitetində (Nyu-York) çalışır, Təl-Əviv Universiteti nəzdində Buhman Meta adına Ali Musiqi Məktəbinin professorudur. O, gənc israilli skripkaçıların təşviqi ilə məşğul olan İlona Feher Fondunun həmtəsisçisidir.
Yulia Qurviç Bakı şəhərində anadan olub. Qnesinlər adına Rusiya Musiqi Akademiyasında təhsil alıb. 1984-1990-cı illərdə tanınmış violonçel ifaçısı Valentin Feygini müşayiət edib. 1990-cı ildən Təl-Əviv Universiteti nəzdində Buhman Meta adına Ali Musiqi Məktəbində çalışır. Yulia Qurviç Çexiya, İtaliya, Xorvatiya və Almaniyada beynəlxalq musiqi müsabiqələrində dəvətli pianoçu kimi iştirak edir. O, İsrail Filarmoniya Orkestrinin dəstəyilə “Quattro Plus” kamera musiqisi ansamblının üzvü kimi konsert fəaliyyətini davam etdirir.
azertag.az