“Qəlbdəki və qələmdəki Qarabağ” kitabı çapdan çıxıb
23.9.2016

Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Qəlbdəki və qələmdəki Qarabağ” layihəsi çərçivəsində eyniadlı kitab “XAN” nəşriyyatında çapdan çıxıb.

Dünya Gənc Türk Yazarlar Birliyindən bildirilib ki, türkdilli ölkələrdən Bakıya gəlmiş tədqiqatçı, şair, tərcüməçi, yazıçı və publisistlərin iştirakı ilə keçirilmiş silsilə tədbirlərin (ümumən layihənin) yekunu olaraq nəşr edilmiş bu antologiya gənclərin erməni vəhşiliklərinə qarşı düşüncələrinin məhsuludur.

Layihənin rəhbəri Gənclər Mükafatı laureatı İntiqam Yaşar, nəşrin redaktoru Əkbər Qoşalıdır. “Ön söz”ün müəllifi Milli Məclisin deputatı Cavanşir Feyziyevdir.

Antologiyada 71 müəllifin, o cümlədən 31 xarici ölkə yazarının, 38 azərbaycanlının yazıları toplanıb. Kitab bütünlükdə Qarabağda elan olunmamış müharibəyə, Xocalı soyqırımına həsr edilib.

Dünya Gənc Türk Yazarlar Birliyi gələcəkdə kitabın yeni cildlərini hazırlamağı planlaşdırır.

Antologiya pdf formatında kitabxana.net portalında da yerləşdirilib. (http://www.kitabxana.net/?oper=readBook&id=2532).

azertag.az