Şəkinin Daşüz kəndi ərazisində bir neçə nekropol aşkarlanıb.
Şəki Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, Şəki-Qax arxeoloji ekspedisiyası tərəfindən aparılan arxeoloji qazıntılar zamanı nekropollarda bir neçə qədim əşyalar da tapılıb.
Mütəxəssislərin ilkin rəyinə əsasən, tapılan maddi-mədəniyyət nümunələri Xocalı-Gədəbəy mədəniyyətinin demək olar ki, bütün dövrlərini əhatə edir. Bu abidələr son tunc, ilk dəmir dövründə şimal-qərbi Azərbaycanın yüksək inkişafda yaşadığını sübut edir.
Xatırladaq ki, bir neçə il bundan əvvəl Şəkinin Daşüz kəndində aparılan arxeoloji qazıntılar zamanı buradan dünyada ilk gildən hazırlanmış samovar tapılıb. Bu arxeoloji tapıntı rayon və ölkə tarixində yenilik sayıla bilər.
Aşkarlanan yeni maddi-mədəniyyət nümunələri bu bölgədə həyatın, yüksək mədəniyyətin və inkişafın hətta 3 min il öncəyə qədər gedib çıxdığından xəbər verir.
Gün.Az