Ağstafa, Qazax və Tovuz rayonlarının folklor kollektivləri Bakıda
23.9.2016

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə paytaxtın Nizami küçəsində təşkil olunan təsviri sənət məkanında təqdimatlar davam edir. Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə iyul ayından fəaliyyət göstərən məkan rəssamların, sənətsevərlərin görüş yerinə çevrilməklə bərabər, həm şəhərimizin sakinlərinin, həm də Bakıya üz tutan qonaqların diqqətini çəkməkdədir. Burada tədbirlərin təşkil olunmasında əsas məqsəd regionlarda fəaliyyət göstərən istedadlı insanları, el sənətkarlarını, rəssamları, musiqiçiləri, folklor kollektivlərini üzə çıxarmaq və onları paytaxt sakinləri və qonaqlara təqdim etməkdir.

Sentyabrın 22-də Ağstafa, Qazax və Tovuz rayonlarının folklor kollektivlərinin konserti və el sənətkarlarının əl işlərindən ibarət sərgi-yarmarka təşkil olunub. Musiqili-əyləncəli tədbirdə Ağstafa rayonundan “Dastan” aşıqlar ansamblı, Qazax və Tovuz rayonundan aşıq qrupları və digər folklor kollektivləri çıxış ediblər.

Tədbir çərçivəsində qeyd olunan rayonlardan gəlmiş sənət adamlarının əl işlərindən ibarət sərgi-yarmarka da təşkil edilib.

Sərgidə Ağstafa rayonu 60, Qazax rayonu 40, Tovuz rayonu isə 50-dən artıq sənət əsəri ilə təmsil olunub.

Konsert və sərgi-yarmarka paytaxt sakinləri və şəhərimizin qonaqları tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, layihə çərçivəsində təsviri sənət məkanında indiyədək Şəki, Oğuz, Şamaxı, İsmayıllı, Qəbələ, Zaqatala, Balakən və Qax rayonlarından folklor kollektivlərinin konsert proqramları və el sənətkarlarının əl işlərindən ibarət sərgi-yarmarka reallaşdırılıb. Belə tədbirlərin oktyabrın ortalarına qədər keçirilməsi nəzərdə tutulur.

azertag.az