Sentyabrın 22-də Xətai rayonunda “Gəncliyimiz gələcəyimizdir” mövzusunda tədbir keçirilib.
Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Xətai Rayon İcra Hakimiyyəti başçısının müavinləri Zaməddin Əkbərov və Jalə Abdıyeva, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədr müavini Yeganə Qurbanova, rayon ictimaiyyətinin nümayəndələri, gənclər iştirak ediblər.
Rayon icra hakimiyyətinin, rayon gənclər və idman idarəsinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edənlər dövlət gənclər və idman siyasətinin ölkəmizdə uğurla reallaşdırılması nəticəsində əldə olunan nailiyyətlərdən danışıblar.
Qeyd olunub ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir. Gənclərin təhsil, ailə, məişət, məşğulluq məsələləri, mənzil şəraitlərinin yaxşılaşdırılması və digər problemləri ilə bağlı Azərbaycan Prezidentinin imzaladığı sərəncamlar, təsdiq etdiyi dövlət proqramları bu sahəyə yüksək diqqət və qayğının parlaq göstəricisidir. Ölkəmizin gələcəyinin etibar olunacağı gənc nəslin sağlam ruhda, əsl vətənpərvər kimi yetişməsi, yüksək təhsil alması Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın daim diqqət mərkəzində saxladığı önəmli sahələrdəndir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da gənclərimizin ictimai-siyasi fəallıqlarının artırılması, onların dünyanın müxtəlif ölkələrində azərbaycançılıq məfkurəsi ətrafında birləşərək ölkəmizin təbliği sahəsində misilsiz fəaliyyət həyata keçirir.
Diqqətə çatdırılıb ki, Azərbaycanda gəncliyə dövlət qayğısı gələcək uğurlara hesablanan siyasətdir. Bu siyasət sağlam və savadlı nəslin formalaşmasına xidmət edir.
Vurğulanıb ki, Xətai rayon gəncləri də yeni-yeni uğurlara imza atırlar. Hər il olduğu kimi, 2015-2016-cı tədris ilində də rayon məktəblərinin məzunları ali məktəblərə qəbul üzrə imtahanlarda yüksək nəticələr göstəriblər. Üç məzun qızıl medala, 8 tələbə Prezident təqaüdünə layiq görülüb. Qırx bir nəfər isə 650-dən çox bal toplayıb.
azertag.az