Prezident İlham Əliyev Mingəçevirə səfəri çərçivəsində şəhərdə aparılan abadlıq və tikinti işləri ilə tanış olub.
Dövlət başçısı görülən işləri əks etdirən stendlərə baxdı.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Prezident İlham Əliyevə Sahil və Füzuli parklarında görülən işlər, habelə Kür çayının sol sahilində kiçik gəmilər və qayıqlar üçün yanalma platforması, digər layihələr barədə məlumat verdi.
Diqqətə çatdırıldı ki, Nigar Rəfibəyli küçəsində yerləşən Sahil parkının ərazisi 380 metr uzunluqda genişləndirilib. Bu ilin aprel ayında başlanmış inşaat işləri artıq başa çatıb. Daxili imkanlar hesabına həyata keçirilmiş tədbirlər nəticəsində parkın genişləndirilmiş sahəsi 1,2 hektara çatdırılıb. Genişləndirilmiş parkda 3500 kvadratmetr sahəyə dekorativ tamet tavaları döşənib, 30 dekorativ işıq dirəyi quraşdırılıb, yeni oturacaqlar və digər lazımi avadanlıqlar qoyulub. Parkın ərazisində 1000 ağac, 5000-ə yaxın gül kolu əkilib. Yamac boyu 1860 kvadratmetr yaşıllıq sahəsi salınıb, 940 kvadratmetr sahədə çay daşlarından bərkitmə işləri aparılıb. Yeni su təchizatı şəbəkəsi yaradılıb, 1,2 hektar sahəyə su xətti çəkilib.
Prezident İlham Əliyevə şəhərdəki Füzuli parkı haqqında da məlumat verildi. Bildirildi ki, şəhərdə Füzuli küçəsi boyunca 450 metr uzunluğunda park salınıb. Parkda inşaat işlərinə 2015-ci ilin may ayında başlanıb və 2016-cı ilin sentyabr ayında başa çatıb. Dövlət büdcəsi hesabına həyata keçirilmiş işlərin ümumi dəyəri 2 milyon manatdır. Ümumi sahəsi 3 hektar olan parkın girişində Məhəmməd Füzulinin büstü qoyulub, 2 dairəvi və düzbucaqlı fəvvarə, uşaq-əyləncə, idman qurğuları quraşdırılıb, mini futbol meydançası salınıb. İstirahət üçün bütün lazımi avadanlıqlar quraşdırılıb. Ərazidə çoxlu sayda dekorativ ağac və gül kolları əkilib, 10 min 740 kvadratmetr sahədə çəmənlik salınıb.
Şəhərdə abadlıq-quruculuq işləri davam etdirilir.
president.az