YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə ARTIM Layihə Məkanında heykəltəraş Novruz Məmmədov, Nadir Eminov və Elvin Nəbizadənin əsərlərindən ibarət “Rahat keyləşmə” adlı qrup sərgisi keçirilib.
“Rahat keyləşmə” adlı sərgi bir-birindən işləmə üslubları, mövzu və incəsənəti görmə bucağı ilə fərqlənən üç heykəltəraş – Novruz Məmmədov, Nadir Eminov və Elvin Nəbizadənin qrup sərgisidir. Sərgidə metal, daş və taxtadan yaradılan əsərlər təqdim olunur.
Novruz Məmmədov paslanmaz metaldan olan “Pozğun şüurun fantaziyaları” adlı trilogiyasında seksual pozğunluq diaqnozlu insanların problemlərini göstərir. Rəssam yaratdığı əsərdə 3 parafiliya – fetişizm, vuayerizm, eksaudirizm meyilli insanları əhatə edərək, bizə onların hiss etdiklərini yaşamağa təklif edir.
Nadir Eminov ağlay daşından yonduğu “Yara” instalyasiyasında Bakıda aparılan rekonstruksiya və yenidənqurma işlərinə öz münasibətini bildirir. Rəssamın fikrincə binaları yerli və yersiz üzlük daşı ilə örtmək tendensiyası kitç mədəniyyətindən başqa bir şey deyil.
Elvin Nəbizadənin “Qara saz” layihəsi, taxtadan yonularaq deformasiya edilmiş sazları təqdim edir. Rəssamın fikrinə görə saz qədim Türk mədəniyyətindən bizə gələn bünövrə element kimi bu gün də aktuallığını itirməməlidir.
Novruz Məmmədov 1986-cı ildə Salyan şəhərində anadan olub. O, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Heykəltəraşlıq” fakültəsinin məzunudur. Novruz rəngkarlıq, qrafika, instalyasiya və heykəltəraşlıq sahələrində fəaliyyət göstərir. Rəssamın seçdiyi mövzular üçün konkret istinadlar istifadə edir. Onun psixoloji əsərlər silsiləsi insan naturasının dərinliyini tədqiq edir. Novruz Azərbaycanda və xaricdə keçirilən bir sıra sərgi və layihələrin iştirakçısıdır.
Nadir Eminov 1990-cı ildə Sumqayıt şəhərində anadan olub. O, 2012-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Heykəltəraşlıq” fakültəsini bitirib. Nadir heykəl, video və instalyasiya sahələrində fəaliyyət göstərir. Onun əsərləri çoxşahəli mövzu diapazonuna malik olmaqla, insan və kainat, insan təfəkkürü və fantaziyaları mövzularını əhatə edir. Rəssam bir çox sərgi və layihələrin iştirakçısıdır.
Elvin Nəbizadə 1986-cı ildə Bolnisidə (Gürcüstan) anadan olub. O, 2012-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Heykəltəraşlıq” fakültəsini bitirib. Rəssamın əsərlərinin əksəriyyəti heykəl və instalyasiyalardır. Onun əsərləri şəxsi identifikasiya və milli mədəniyyət mövzuları ətrafında olan araşdırmalardır. Elvin bir sıra yerli və beynəlxalq layihə və sərgilərin iştirakçısıdır.
ARTIM haqqında
ARTIM layihəsinin başlıca məqsədi, ölkənin gənc nəslinin istedadlı nümayəndələrini incəsənət sahəsində karyera qurmağa təşviq etmək, habelə Azərbaycanın gənc rəssamlarına peşəkar səhnədə öz əsərlərini nümayiş etdirmək üçün müvafiq şərait yaratmaqdır. ARTIM layihəsinin İçərişəhərdə peşəkar sərgi məkanı var. Bu məkan, eksperimentlərin aparılmasına və əsərlərin peşəkar səviyyədə nümayişinə imkan verən platforma qismində çıxış edir.
Sərginin müddəti: 23 sentyabr – 16 oktyabr 2016
İş rejimi: cümə axşamı – bazar, 14:00 – 20:00
Ünvan: ARTIM Layihə Məkanı
İçərişəhər, Böyük Qala küç. 30, 001 A
Giriş sərbəstdir.
Ətraflı məlumat üçün: www.yarat.az; 012 505 14 14
trend