Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.
Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.
Binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü ucaldılıb. Foyedə, həmçinin ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə gənclərə göstərdikləri yüksək diqqət və qayğını əks etdirən fotolardan ibarət guşələr yaradılıb.
Məlumat verildi ki, mərkəzin binasının tikintisinə ötən ilin noyabrında başlanılıb. Tikinti-quraşdırma işləri daxili imkanlar hesabına aparılıb. Üç mərtəbədən və mansarddan ibarət olan binanın ümumi sahəsi 4100 kvadratmetrdir. Burada iki konfrans zalı, nikah otağı, gənclər üçün müzakirə zalları, elektron kitabxana yaradılıb. Mərkəzdə linqafon, internet və rəssamlıq otaqları, fotostudiya və rəqs zalı fəaliyyət göstərir. Burada 25-30 nəfərin işlə təmin olunması nəzərdə tutulub.
Mərkəzlə tanışlıqdan sonra dövlətimizin başçısı Sumqayıt şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
president.az