Ailə qurmaq, övlad sahibi olmaq hər qadının arzusudur. Lakin bu arzunu gerçəkləşdirmək üçün elə də çox gözləmək məsləhət görülmür. Çünki 35 yaşdan sonra qadın orqanizmindəki bəzi proseslər ana olmaq, sağlam övlad dünyaya gətirmək şansına ciddi təsir edir.
Türkiyəli mütəxəxssis professor İbrahim Bildiricinin sözlərinə görə, 35 yaşdan yuxarı qadın 3 aylıq cəhdlərdən sonra hamilə qala bilmirsə mütləq həkimə müraciət etməlidir. "35-39 yaş arası qadınların 1/3, 40 yaşdan yuxarıların isə 50 faizi hamiləliklə bağlı problem yaşayırlar".
Ananın yaşı artdıqda xromosom pozqunluğu olan uşaq dünyaya gətirmə riski də artır. Belə ki, 25 yaşında bir qadının Daun sindromlu uşaq dünyaya gətirmə riski 1/1250, 30 yaşında 1/1000, 35-də 1/400,40-da 1/100,45-də 1/30, 49-da isə 1/10-dir.
Uşaq salma ehtimalı da yaş artdıqca artan təhlükələrdəndir. Belə ki, 20 yaşda bu ehtimal10-15, 35-39 yaşda 20, 40-44 yaşda 35, 45-dən yuxarı yaşlarda isə 50 faizdir.
35 yaşdan yuxarı hamiləliklərdə diabet riski də iki dəfə artır. 40 yaşdan yuxarı qadınlarda isə ölü uşaq doğmaq şansı 20 yaşlarla müqayisədə 2-3 dəfə çoxdur.
Ancaq bütün ola biləcək risklərə baxmayaraq 35 yaşdan sonrada sağlam uşaq dünyaya gətirmək mümkündür. Bunun üçün isə mütəxəssis daima həkim nəzarətindən keçməyi, sağlam qidalanmağı, həkimlə məsləhətləşməyi tövsiyə edir.
ANS press