Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Prezident təqaüdü alan tələbələrlə görüşüb.
Bu barədə ATU-nun mətbuat xidmətindən məlumat verilib. Görüşdə G.Gəraybəyli ATU-nun tələbəsi adını qazanan gəncləri təbrik edərək onların yüksək göstərici ilə ali məktəbə qəbul olunmasında inadkarlıq və əzmkarlığın böyük rol oynadığını bildirib: “Uzun illərdir ki, Tibb Universiteti istər Prezident təqaüdü alan, istərsə də 600-dən yuxarı bal toplayan digər tələbələrin sayına görə respublikanın ali məktəbləri arasında ilk yerdədir. Sevindirici haldır ki, bu il də I kursa qəbul olunan tələbələrimiz arasında belə bacarıqlı gənclər çoxdur”.
Rektor Prezident təqaüdünə layiq görülən gənclərə həmin mükafatın tarixini də xatırladıb: “Azərbaycan ikinci dəfə müstəqilliyini qazandıqdan sonra ilk illərdə ölkədə gənc kadrlara böyük ehtiyac yaranmışdı. Məhz bu baxımdan ümummilli lider Heydər Əliyevin Prezident təqaüdü təsis etməsi haqqında Fərmanı yerli kadrların yetişdirilməsi işinə böyük töhfə oldu. Həmin vaxtdan etibarən hər il 100-ə yaxın tələbə bu təqaüdə layiq görülür. Əminik ki, siz Tibb Universitetinin divarları arasında öz biliklərinizi daha da artıracaq, “Prezident təqaüdçüsü” adını 6 ildə fəxrlə qoruyub saxlaya biləcəksiniz”.
Görüşün sonunda II müalicə profilaktika fakültəsinin tələbələri Səbinə İsmayılova və Nisə Bayramova çıxış edərək belə bir şərəfli təqaüdə layiq görüldüklərinə görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, 2016/2017-ci tədris ilində Azərbaycan Tibb Universitetinə 1002 abituriyent qəbul olunub. Onlardan 419-u 600-dən artıq bal toplayıb. Üç nəfər 700 balla ATU-ya daxil olub. Qəbul olunanlardan 954 nəfər həkim və hərbi həkim, 48 nəfər hərbi feldşer ixtisasını seçib. 500-dən çox bal toplayanların sayı isə 444 nəfərdir.
azertag.az