Qara düyüyə tələbat çox olduğundan “Astaraçay” MMC bu il əkin sahələrini üç dəfə artırıb
28.9.2016

Astara rayonunda fəaliyyət göstərən “Astaraçay” MMC tərəfindən artıq ikinci ildir əkilən qara düyünün biçiminə başlanılıb.

Azərbaycanda Astara və Lənkəran rayonlarında istehsal olunan və yüksək məhsuldarlığa malik qara düyünün həm də böyük müalicəvi əhəmiyyəti var.

Bu düyüyə qara rəng verən antioksidantlardır. Orqanizm üçün faydalı olan antioksidantlar zərərli molekulları udur, arteriyaları gücləndirir, orqanizmin xərçəngə tutulma riskini azaldır. Qara düyünün tərkibində olan fosfor, maqnezium, marqans, sink, zülal, amin turşusu, B vitamini saç tökülməsiının və qan azlığının qarşısını alır.

Şimali Amerikada yabanı şəkildə bitən qara düyünün mədəniləşmiş növləri bir sıra ölkələrdə, əsasən Kanada, Çin və Amerikada əkilir.

“Astaraçay” MMC tərəfindən ötən il Türkiyədən gətirilərək ilk dəfə cənub bölgəsində əkilmiş qara düyüyə tələbat çox olduğundan bu il əkin sahələri üç dəfə artırılıb.

Müəssisənin baş aqronomu İsrafil İsrafilov qara düyünün məhsuldarlığından danışarkən deyib: “Ötən il 2 hektar sahədə qara düyü əkmişdik. Məhsuldarlığı yüksək oldu, hər hektardan 6 ton məhsul götürdük. Ona görə bu il əkin sahəsini üç dəfə artırdıq”.

Yağmurlu hava şəraitinin çəltikbiçən kombaynların hərəkətini çətinləşdirdiyini vurğulayan İ.İsrafilov biçimi sürətləndirmək və itkinin qarşısını almaq məqsədilə əlavə texnikaların, 550 nəfər fəhlə qüvvəsinin bu işə cəlb olunduğunu diqqətə çatdırıb.

Biçim başa çatdıqdan sonra çəltik dəyirmanda üyüdülərək satışa çıxarılacaq.

Qara düyünün qiymətinə gəlincə, baş aqronom qeyd edib ki, ötən il qara düyünün bir kiloqramı alıcılara 5 manata satılıb. “Bu il də qiyməti 5 manatdan yuxarı qaldırmayacağıq. Bazarda isə bu düyünün qiyməti 7 manatdır”, - deyə İ.İsrafilov bildirib.

Yerli düyüyə tələbat çox olduğundan “Astaraçay” MMC növbəti illərdə çəltik əkini sahələrini 600 hektara çatdırmağı, o cümlədən qara düyü sahələrini də genişləndirməyi planlaşdırır.

azertag.az