Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkdir
31.7.2012

2013-cü ilin 29 may - 01 iyun tarixində Bakıda növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkdir.

Azərbaycan, YUNESKO, İSESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və Avropa Şurasının Şimal-Cənub Mərkəzinin nümayəndələrindən ibarət Forumun Beynəlxalq İşçi qrupu tədbirlə bağlı hazırlıq işlərinə başlamışdır.

Xatırladaq ki, sözü gedən qurumların tərəfdaşlığı ilə birinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu 2011-ci ilin 7-9 aprel tarixində Bakıda keçirilmişdir.

Birinci Forumda 102 ölkədən nümayəndə, 10-dan çox beynəlxalq qurumdan rəhbər şəxslər, 20-yə yaxın ölkədən nazir, dünyanın bir çox nüfuzlu beyin mərkəzlərinin və media təşkilatlarının əməkdaşları, ümumilikdə, dünyanın bütün qitələrindən 500-ə yaxın xarici ölkə vətəndaşı iştirak etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 27 may tarixli Fərmanına əsasən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iki ildən bir Azərbaycanda keçirilməsi qərara alınmış, tədbirin əlaqələndirici qurumu funksiyası isə Mədəniyyət və Turizm Nazirliyinə həvalə olunmuşudur.