Bakıda “Future Shorts” qısametrajlı filmlər festivalının yay proqramı çərçivəsində yeni filmlər nümayiş olunacaqdır
31.7.2012

“YARAT!” qeyri-kommersiya təşkilatı “Future Shorts” festivalının yeni yay proqramının nümayişini reallaşdıracaqdır.

“YARAT!” qeyri-kommersiya təşkilatından bildirmişlər ki, “Future Shorts” festivalı ümumilikdə 60 ölkəni, 160 şəhəri və bütün iri yayım şəbəkələrini və nüfuzlu qurumları əhatə etməklə ən maraqlı qısametrajlı filmlərin və istedadlı rejissorların təqdimatını keçirir.

Festivalın yaz mövsümü artıq başa çatmışdır və təşkilatçılar 2012-ci ilin yay mövsümü proqramını elan etmişlər. Yay mövsümü iyunun 1–dən avqustun 31-dək davam edəcəkdir. Bu dəfə proqramda xüsusi yeri Oskar və BAFTA mükafatçısı olan “Səhər gəzintisi” (Böyük Britaniya, 2012) və bu yaxınlarda Klermon-Ferrada keçirilən festivalın “Qran-pri”sinin laureatı olmuş “Qonaq” filmləri tuturlar.
Bakıda festivalın yay proqramının nümayişi avqustun 24-də saat 22:00-da Yaşıl Teatrda keçiriləcəkdir. Biletlər şəhərin mərkəzi kassalarında artıq satışa çıxarılmışdır.

2003-cü ildən keçirilən “Future Shorts” festivalı inqilabi şəhərlərin, dünya mərkəzlərinin və yeni ərazilərin ünsiyyəti və qısametrajlı filmlərin əsl kino bayramıdır.

AzərTAc