İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektorunu qəbul edib
30.9.2016

Prezident İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunovu qəbul edib.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunov Bakıya hər səfərinin, xüsusilə çoxlu sayda görkəmli insanların toplaşdığı V Bakı Beynəlxalq Humanitar Forumunda iştirakının onun üçün əlamətdar hadisə olduğunu vurğuladı. Prezident İlham Əliyevin Forumdakı nitqinə toxunan Anatoli Torkunov dövlətimizin başçısının bu çıxışında deyilən fikirlərin böyük əhəmiyyət daşıdığını və müzakirələrin daha maraqlı keçməsinə yaxşı imkan yaratdığını dedi. O, Forumun ayrı-ayrı plenar iclaslarında və “dəyirmi masa”larda aparılacaq müzakirələrin səmərəli olacağına əminliyini bildirdi. Anatoli Torkunov Rusiya nümayəndələrinin Bakı Beynəlxalq Humanitar Forumuna böyük maraq göstərdiklərini dedi.

Dövlət başçısı Bakı Beynəlxalq Humanitar Forumunda konkret məsələlər üzrə maraqlı müzakirələrin aparılmasından məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev dünyanın elmi və siyasi elitasının bir məkana toplanması və dünyada humanitar sahədə mövcud olan boşluğun doldurulması baxımından Bakı Beynəlxalq Humanitar Forumunu nadir beynəlxalq tədbirlərdən biri kimi dəyərləndirdi. Avropada humanitar məsələlərə əsasən miqrantların problemi nöqteyi-nəzərindən baxıldığını vurğulayan Prezident İlham Əliyev bu problemləri doğuran səbəblərin müəyyənləşdirilməsinin və diqqətdə saxlanılmasının vacibliyini bildirdi. Dövlətimizin başçısı bu kimi məsələlərin açıq müzakirə edilməsi baxımından Bakı Beynəlxalq Humanitar Forumunun yaxşı imkan yaratdığını və cəlbedici olduğunu dedi. Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin hər il olduğu kimi bu il də Forum iştirakçılarına təbrik göndərməsinin vacibliyini xüsusi vurğulayaraq Azərbaycanın və Rusiyanın Bakı Beynəlxalq Humanitar Forumunun həmtəsisçiləri olduğunu məmnunluqla qeyd etdi.

Görüşdə Azərbaycan ilə Rusiya arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən elm və təhsil sahələrində uğurla inkişaf etdiyi bildirildi, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu ilə əməkdaşlığın bu işə böyük töhfə verdiyi qeyd olundu.

president.az