Gələn ilin fevral ayında Azərbaycanda “Sabahın alimləri” VI respublika müsabiqəsi keçiriləcək.
Bununla bağlı təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb.
Əmrin imzalanmasında məqsəd Azərbaycanda fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyili olan istedadlı şagirdlərin aşkar edilməsi, həmçinin yüksək elmi tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilməsini təmin etməkdir.
Əmrə əsasən, 2017-ci ilin 15-17 fevralda İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində “Sabahın alimləri” VI Respublika Müsabiqəsi keçiriləcək.
Bununla bağlı, ümumi təhsil müəssisələrinin direktorları bu ilin oktyabrın 1-dən etibarən şagirdlərin sabahinalimleri.edu.az internet səhifəsində onlayn rejimində qeydiyyatdan keçirilməsini təşkil etməli, dekabrın 1-dək şagirdlər tərəfindən aparılan tədqiqatların başa çatdırılmasını və müsabiqənin tələblərinə uyğun olan sənədlərin hazırlanmasını təmin edilməli, müsabiqənin Təlim Akademiyasında iştirak etmək istəyən müəllimlərin gələn ilin 15 yanvar tarixinədək onlayn qeydiyyatdan keçmələrini təmin etməlidirlər.
Bundan başqa, müsabiqəyə elmi dəstəyin verilməsi Bakı Dövlət Universitetinin rektoru akademik Abel Məhərrəmova, Azərbaycan Texniki Universitetinə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlıya, Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynova və Naxçıvan Dövlət Universitetinin rektoru professor Saleh Məhərrəmova tövsiyə edilib.
Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə edilib.
report.az